Accessibility links

Ukrayna rəsmiləri deyir ki, polad zavodundan qadın, uşaq və yaşlıların təxliyəsi başa çatıb


Ukrayna rəsmiləri deyir ki, Mariupolda həftələrdir Rusiya qüvvələri tərəfindən mühasirə olunan polad zavodundan bütün qadınlar, uşaqlar və yaşlılar evakuasiya olunub.

“Prezidentin əmri yerinə yetirilib: Bütün qadınlar, uşaqlar və yaşlılar Azovstaldan təxliyə edilib,” baş nazirin müavin İrina Vereşuk mayın 7-də sosial mediada paylaşdığı açıqlamada bildirib.

“Mariupolda humanitar missiyanın bu hissəsi başa çatıb,” o, təfərrüatları paylaşmadan bildirib.

Azovstal polad zavodunun evakuasiyası son iki gündə, Rusiyanın zavodu və strateji şəhəri atəşə tutmağa davam etməsinə baxmayaraq, intensivləşib.

Rusiya regionu tamamilə ələ keçirib, 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımla Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların nəzarət etdiyi ərazi arasında quru dəhlizi yaratmaq niyyətindədir.

Rusiya qüvvələri Kyiv ətrafından və şimaldakı digər şəhərlərdən geri çəkilməyə məcbur edildikdən sonra Mariupolda ən ağır döyüşlər aparılıb.

Həftə sonundan öncə nəhəng polad zavodunda 200 ukraynalı döyüşçü ilə birlikdə 200-ə yaxın mülki vətəndaş gizlənmişdi.

Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi uzun müddətdir zavoddan təxliyə əməliyyatı təşkil etməyə çalışırdılar.

Döyüşçülərin aqibəti isə hələ ki, bəlli deyil.

XS
SM
MD
LG