Accessibility links

Ukrayna hərbçisi 4 əsgər yoldaşını, 1 mülki şəxsi öldürüb


Ukrayna Daxili İşlər Nazirliyi bildirib ki, cümə axşamı Ukrayna Milli Qvardiyasının üzvü əsgər yoldaşlarına atəş açıb, nəticədə 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hərbçi polis tərəfindən saxlanılsa da, insidentin motivləri hələ də bəlli deyil.

Hadisə cümə axşamı səhər saatlarında Kyivdən 500 km cənub-şərqdə yerləşən Dnepr şəhərində baş verib. Rəsmilər tərəfindən 20 yaşlı Artyom Ryabçuk olduğu müəyyən edilən əsgər hərbi fabrikdə mühafizəçi olub və həmkarlarına atəş açaraq dərhal hadisə yerindən qaçıb.

Dörd əsgər və bir mülki şəxs həlak olub, daha beş nəfər yaralanıb. Polis atışmadan az sonra Ryabçuku saxlayıb. Onu atəş açmağa nəyin sövq etdiyi hələ məlum deyil.

Prezident Vladimir Zelenski hakimiyyətdən insidentin hərtərəfli araşdırılmasını və təhlil edilməsini tələb edib.

"Mən hüquq-mühafizə orqanlarından ictimaiyyəti cinayətin bütün təfərrüatı barədə tam məlumatlandırmasını gözləyirəm. Qatilin motivləri, atışmanın necə mümkün olduğu hər şey mümkün qədər ətraflı təhlil edilməlidir" - deyə, Zelenski onlayn açıqlamasında deyib. O, həmçinin Milli Qvardiyanın şəxsi heyətlə bağlı baş vermiş hadisədən nəticə çıxarmalı olduğunu əlavə edib.

Atışma Rusiya və Ukrayna arasında artan gərginlik fonunda baş verib. Moskva Ukrayna ilə sərhədləri yaxınlığında təqribən 100 min əsgər toplayıb və belə bir ordunun keçmiş sovet qonşusunu işğal etmək planlarını göstərə biləcəyi narahatlığını gücləndirib.

XS
SM
MD
LG