Accessibility links

Ukraynalılar Rusiyadakı qohumlarına müharibə haqda məlumat verməkdə çətinlik çəkirlər


Olqa M. Rusiyanın hərbi müdaxiləsinin birinci həftəsini yeniyetmə oğlu ilə birlikdə Kyivin yaxınlığında Kotsiubinskidə bir sığınacaqda gizlənərək keçirib. İrpin yaxınlığında atışma intensivləşdiyi bir vaxt onlar qaçıblar və bir həftə sonra İspaniyaya çatıblar.

“Mənim ayaqlarım” qatarlarda və növbələrdə dayanmaqdan “qançur olub” – deyə, əri daxil olmaqla geridə qalan ailə üzvlərini qorumaq üçün soyadının açıqlanmasını istəməyən Olqa deyib.

Olqa bütün hadisələr boyunca Rusiyanın Yekaterinburq şəhərində yaşayan valideynləri ilə müharibə barədə danışmağa çalışıb.

O xatırlayır ki, atası ilk gün ondan “Niyə bu qədər kədərlisən?” soruşmuşdu. “Biz sizin hərbi bazalarınızı bombalayacağıq. Sənə nə fərqi var?”

Olqa deyir ki, o, ondan sonra atası ilə danışmağı dayandırıb, ancaq anası ilə ünsiyyətini davam etdirir. Anası da qızı və nəvəsinin qaçqın düşməsinə səbəb olan müharibədən danışmaqdan yayınır.

Çernihiv
Çernihiv

Olqanın atası Ukraynada böyüyüb, amma 1970-cı illərin ortalarında Rusiyaya köçüb və Olqanın anası ilə evlənib ki, o da rusdur. Olqa özü ukraynalı bir kişi ilə evlənib və Ukraynaya köçüb, amma hələ də özünü rusiyalı hesab edir və Rusiya vətəndaşlığına sahibdir.

O deyir ki, valideynləri 2008-ci ildən bəri onu Ukraynada ziyarət etməyiblər və rus dilində danışdıqları üçün həbsə atılacaqlarını israr edirlər.

“Mən bunun həqiqət olmadığını deyirdim. Mən Ukrayna dilində danışmıram və hələ də Ukrayna vətəndaşlığım yoxdur,” Olqa deyib.

Təbliğat

Valideynləri ilə ünsiyyəti onu nə qədər acı versə də, Olqa üçün Rusiyadakı keçmiş sinif yoldaşları ilə danışmaq daha da çətindir.

“Onlar başda şəfqət göstərirlər, mənin tərəfimdə olduqlarını söyləyirlər, amma ardından ittihamlar irəli sürürlər,” o deyib. “Onlar propaqandaları təkrar edirlər, məsələn guya biz səkkiz il boyunca Donetsk və Luqanskı bombalayırmışıq və ya özümüz özümüzü bombalayırıq. Onlar mənə dedilər ki, Ukrayna hökuməti vətəndaşlara 10 min silah verib və biz bir birimizi güllələyirik.”

Onun Rusiyadakı ailəsinin yalnız bir üzvü, yəni onun qardaşını inandırmağa ehtiyac yoxdur. “O bunun Putinin günahı olduğunu bilir,” o deyib.

Rusiyada ailə üzvləri olan başqa Ukrayna sakinləri də bənzər hekayələr danışırlar.

Xarkiv
Xarkiv

17 yaşlı qızı ilə birlikdə Kyiv yaxınlığındakı Hostomel şəhərindən Ukraynanın qərbinə evakusiya olunan Tatiana L. Moskva və Ural bölgəsindəki qohumları ilə söhbətlərini təsvir edir.

“Birinci mən onlara Hostomeldə baş verənləri izah etdiyim videolar göndərirdim. Onlar cavab vermirdilər. Mən onlara Borodyanka, Mariupolun videolarını göndərirdim. Müharibənin ikinci həftəsi onlar məni blok etdilər,” o deyir.

O, qohumlarının anasına işğal olunan Xersonda kartofun qiyməti ilə və Rusiyanın işğalı altında xoş həyatla bağlı mesaj göndərdiklərini xatırlayır. “Ondan sonra onlar anamı blok etdilər,” o deyib.

Tatiana deyir ki, onun Uraldakı qohumları ona bombalamanın ukraynalıların günahı olduğunu izah edib. “Onlar bizə dedi ki, biz itkilərin qarşısını almaq üçün təslim olmalıyıq, amma biz buu etmədik, çünki biz qəhrəman olmaq istəyirdik. Onlar hətta bizim həyatda qalmaq, öz evlərimizdə yaşamaq, uşaqlarımızı sülh içində böyütmək istədiyimizi belə anlamırlar.”

Bəzi Ukrayna sakinləri Rusiyadakı qohumlarından daha şəfqətli cavab aldıqlarını deyirlər.

Dəyişən fikirlər

Kyivdə politoloq Vladislav deyib ki, onun Moskvadakı qohumları baş verənləri aydın başa düşmürlər.

“Onlar müharibənin ilk günündə mənə utandıqlarını söylədikləri mesaj göndərdilər,” o deyib. Əslən Ukraynadan olan qohumları Ukrayna və ingilis dilini bilirlər, Ukrayna televiziya kanallarını izləyirlər və ona suallar verirlər. “Onlar bizə qələbə arzu edirlər,” o bildirib.

Ancaq bəziləri də deyir ki, Rusiyadakı qohumları müharibə davam etdikcə fikirlərini dəyişirlər.

Hazırda Kyivdə ərazi müdafiəsində xidmət edən Oleksandr son 10 ildir Rusiyanın Altay regionunda yaşayan atası ilə söhbətlərindən bəhs edib.

“Mən ona zəng edib, müharibənin başladığını deyəndə, o mənə dedi ki, biz buna layiqik, çünki biz nasistik və Donbası bombalamışıq; o, televiziyada səslənən bütün mesajları təkrarlayırdı,” o deyir.

Amma Oleksandr atasına Ukrayan televiziya kanallını və Ukrayna Müdafiə Nazirliyindən rəsmi açıqlamaları izləməyə imkan verən VPN yükləməyə yardım edəndən sonra vəziyət dəyişdi.

“İndi səssiz qalır və mənim gülləkeçirmək gödəkçəmin olub-olmadığını soruşur, mənə diqqətli olmadığımı söyləyir,” Oleksandr deyir.

O, atasının Ukrayna televiziyasında ölən rus əsgərlərinin və onların dağıdılmış tanklarının görüntülərini görməkdən çox təsirləndiyini deyir.

“Onların hərbi TV kanalı, Zvezda, Rusiya ordusunun çox güclü olduğunu göstərir,” o deyib. “Məhv edilmiş tanklar və ölən əsgərləri görəndən sonra o başa düşdü ki, onlar ona yalan deyiblər.”

Almaniyaya evakuasiya etmədən öncə üç həftə boyunca ağır atəşlərə məruz qalan Çernihivdə qalan təqaüdçü Aleks L. deyir ki, onun Moskvadakı xalası qızı da fikrini dəyişib, amma tam əmin deyil.

“O mənə zəng edib, nə baş verdiyini soruşdu,” Aleks deyir. “Mən bombalandığımızı və atəşə məruz qaldığımızı dedim. “Kim sizi bombalayır və sizə atəş açır?” “Ruslar.” “Uydurursan.” Mən bayıra çıxıb telefonumu partlayış səslərinin gəldiyi tərəfə doğru tutdum. O mənə bu səslərin saxta olduğunu dedi.”

Aleks deyir ki, o xalası qızı ilə ünsiyyəti kəski, amma onun qızı ilə danışmağa davam edir, çünki o baş verənləri anlayır.

“Güman ki, onun qızı onu inandırdı. O deyir ki, anası indi başa düşür. Amma onlar çox ehtiyatla danışırlar. Onlar çox, çox qorxurlar,” o deyir.

Ukraynalılar Rusiyadakı qohumları ilə aralarında olan söhbətləri təsvir etməyə açıq olsalar da, Amerikanın Səsinin onlarla əlaqə qurmasını rədd edib. Onlar həm də qohumlarını qorumaq üçün onların kimliklərinin açıqlanmamasını istəyib.

Şübhəli anket

Rusiyada keçirilən rəy sorğuları göstərir ki, hərbi irəliləyişin olmamasına baxmayaraq Rusiyada müharibəyə dəstək artmaqda davam edib. Ümumrusiya İctimai Rəyin Tədqiqi Mərkəzi martın 23-də xəbər verib ki, Rusiya vətəndaşlarının 74 faizi “Ukraynada xüsusi hərbi əməliyyat aparmaq” qərarını dəstəkləyib. Bu isə fevralın 25-də aparılan rəy sorğusu ilə müqayisədə 9, martın 5-də aparılan rəy sorğusu ilə müqayisədə isə 3 faiz daha çoxdir.

Ukraynalı qaçqınlar Polşaya keçir.
Ukraynalı qaçqınlar Polşaya keçir.

Avropa Siyasət Təhlili Mərkəzində Demokratik Davamlılıq Proqramının Gələcək Rusiya Təşəbüssünün əməkdaşı Natalia Sevelyeva qeyd edir ki, avtoritar ölkələrdə rəy sorğuları etibarsızdır, xüsusilə də müharibə kimi böhranlar zamanı.

“Avtokratiyalarda vətəndaşlar adətən anket suallarına cavab verməkdən qorxurlar, o ki qaldı siyasətlə bağlı suallara,” o yazıb. Bu tendensiya Rusiyanın dediyinə görə, “xüsusi hərbi əməliyyat” ilə bağlı hər hansı açıq müzakirəyə görə uzun həbs cəzası nəzərdə tutan yeni qanunla daha da möhkəmələnib.

Savelyeva Moskvada həbsdə olan müxalifət lideri Aleksey Navalnının təşkilatının “fevralın 25-dən martın 3-dək münaqişəə görə Rusiyanı qınayan və Rusiyanın təcavüzkar olduğunu düşünən insanların sayının artdığını göstərən” müstəqil araşdırmasına diqqət çəkib.

Gerçək rəqəmlərdən asılı olmayaraq Rusiyada yaşayan qohumları olan ukraynalıların təcrübələri onu göstərir ki, bir çox ruslar dövlətin nəzarət etdiyi medianın müharibə ilə bağlı təsvirini qəbul edib, baxmayaraq ki, onlar ailə üzvlərinin söylədiklərinin əksidir.

“bir insan dünyaya baxışına zidd olan məlumatı rədd edir, bu da xoşagəlməz bir haldır. Əgər hətta bu məlumat etibarlı mənbədən – Ukraynadakı qohumlardan, dostlardan gəlirsə belə,” politoloq və Virciniya Texnologiya Universitetinin tədqiqatçısı Maria Sneqovaya deyir.

O bildirib ki, insanlar adətən qohumlarının dediklərinə inanmamağı seçir, çünki əks-təqdirdə onlar nə isə etməli olduqlarını hiss edəcəklər. “Bu, Rusiyada hətta liberalların belə niyə baş verənlərə görə öz məsuliyyətlərini etiraf etməkdən imtina etdiklərini anlamaq üçün vacibdir,” o deyib.

Cons Hopkins Universitetinin baş elmi işçisi və propoqanda ilə bağlı iki kitabın müəllifi Pyotr Pomerantsev bununla razılaşır və deyir ki, bir çox ruslar koqnitiv dissonans yaşayırlar – onlar bir-birini istisna edən şeylərə inanırlar və onları narahat edən şübhələri aradan qaldırmağa çalışırlar.

Bununla belə o deyir ki, ruslar hökumətlərinin onlara yalan dediyini başa düşürlər və ukraynalı qohumları həssas yanaşma ilə israr etsələr, onları inandıra bilərlər. “Rusiyada hər kəsin şübhələri var,” o deyib. “Hər kəsin, hətta ən faşist olanın belə. Onların heç biri hökumətlərinə etibar etmir.”

2020-ci ildə Rusiyanı tərk edən rus araşdırmaçı jurnalist Andrey Soldatov The New Yorker jurnalına müsahibədə Rusiyanın təxribat mesajlarında bəzi çatlaqların üzə çıxmağa başladığını bildirir.

“Artıq bəzi çatlar var, amma bu, ukraynalılara qarşı daha çox şəfqətlə əlaqədar deyil. Bu daha çox ölən əsgərlərlə əlaqəlidir, çünki Rusiya ordusunda çox böyük tələfatlar var,” Soldatov deyib.

“Mən, Moskvadan uzaqda yerləşən Volqa regionundakı qohumlarımdan bilirəm ki, kiçik şəhərlərdə insanlar var ki, onların uşaqları Ukraynada ölüb,” o deyib. “Cəmiyyət ona görə bu haqda danışmağa başladı ki, çox sayda tələfat var. Ancaq, təəssüf ki, mən Ukraynaya qarşı heç bir şəfqət görmürəm, bunu demək də çox çətindir.”

XS
SM
MD
LG