Accessibility links

Ukraynada ATƏT-in monitorinq missiyasının bir əməkdaşı ölüb


ATƏT-in monitorinq missiyasının Ukraynanın şərqində minaya düşməsi nəticəsində qurumun 1 əməkdaşı ölüb, ikisi isə yaralanıb.

Bu barədə AzadlıqRadiosu France-Press agentliyinə istinadla xəbər yayıb.

Hazırda ATƏT-ə sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastian Kurz aprelin 23-də özünün Tvitter səhifəsində məlumatı təsdiqləyib.

O, cavabdehlərin məsuliyyətə cəlb olunacaqlarını bildirib.

Ukraynanın Xarici İşlər Nazirirliyi də məlumatı təsdiqləyib.

Ölənin amerikalı tibb işçisi, xəsarət alanlardan birinin isə alman olduğu bildirilir.Yaralılar xəstəxanaya çatdırılıb.

Müşahidəçilərin patrul maşını Luqansk vilayətinin Prişib kəndi ərazisində fuqasa düşüb.

Bu kənd Slavyanoserbsk rayonunda yerləşir və məlumatlara görə bu bölgə separatçıların nəzarətindədir.

Qeyd edək ki, 2014-cü ildən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında silahlı toqquşmalar gedir.

Bu müddət ərzində ümumilikdə 9 mindən çox adam ölüb.

Hazırda bu bölgədəki təmas xətləri arasında gərginliyi azaltmaq məqsədilə ATƏT-in 700-dən çox beynəlxalq müşahidəçisi fəaliyyət göstərir.

57 ATƏT ölkəsi, o cümlədən Ukrayna, Rusiya və ABŞ bu missiyanın mandatını daha bir il uzatmaq qərarına gəlib.

ATƏT-in müşahidəçilər missiyası bölgədə 2014-cü ildən yerləşdirilib və bununla 3-cü dəfədir ki, mandatı uzadılır.

ABŞ və Qərb ölkələri Ukraynanın şərqindəki münaqişə və 2014-cü ildə Krımın ilhaqına görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

XS
SM
MD
LG