Accessibility links

Kyiv və Moskva danışıqların irəlilədiyini desə də, buna şübhə ilə yanaşanlar çoxdur


Müşahidəçilərin dediyinə görə, həm Ukrayna, həm də Rusiya arasında sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunub, lakin razılaşmanın əldə edilməsi təhlükələrlə doludur. Bəzi Qərb rəsmiləri və müstəqil müşahidəçilər buna şübhə ilə yanaşır və Moskvanın danışıqları pis niyyətlə apardığından narahatdır. Belə ki, onlar Moskvanın bu danışıqlardan NATO-nun Ukraynaya həm hücum, həm də müdafiə xarakterli yer-hava sistemləri, daha təkmilləşmiş silah sistemləri təqdim etməsindən və ya Qərb sanksiyalarını gücləndirməkdən çəkindirmək üçün istifadə etdiyini deyir.

Digərləri də buna şübhə ilə yanaşır. Onların fikrincə, Kyivlə Moskva 2015-ci ildə Minsk razılaşması kimimüəyyən razılığa gələ biləcələr belə, Rusiya tərəfdarı separatçıların nəzarətindəki regionlarda döyüşlərə son qoymağı nəzərdə tutan razılaşmanın həyata keçirilməsi mümkün olmayacaq. Donbası Moskvapərəst separatçılar Kremlin köməyi ilə ələ keçirib.

Ukraynanın müdafiə naziri Aleksii Reznikov və Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyakın başçılıq etdiyi video-danışıqlardan sonra Ukrayna və Rusiya arasında hələ də dərin uçurum var. Rusiya danışıqlar qrupuna Kremlin müşaviri Vladimir Medinski başçılıq edir.

Ukrayna prezidenti Volodimir Zelenski bu həftə Rusiyanın qüvvələrini çıxarması və Ukraynanın təhlükəsizliyinə möhkəm təminat verilməsi müqabilində Ukraynanın NATO-ya üzv olmaq istəyindən əl çəkməyə hazır olduğunu bir daha təkrar edib.

Zelenski həmçinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın statusu və Moskvanın müstəqil dövlət kimi tanıdığı Donbasdakı iki separatçı respublika ilə bağlı gələcək müzakirələrə açıq olduğunu bildirib. Lakin Zelenski bu məsələlərin atəşkəsdən və Rusiyanın geri çəkilməsindən sonra müzakirə olunmasını, Krım və Donbasla bağlı hər hansı təklifin referendumla təsdiqlənməsinin vacib olduğunu deyib.

Ukrayna prezidenti çərşənbə günü danışıqların irəlilədiyini qeyd edib. O, sosial mediada yayımlanan videoda "Çox çətin, bəzən qarşıdurmalı, lakin addım-addım irəliləyirik" deyib.

XS
SM
MD
LG