Accessibility links

Los-Ancelesdə yaşayan rus və ukraynalı mühacirlər Macarıstana qaçan ukraynalılara yardım edir


Los-Ancelesdə yaşayan rus və ukraynalı mühacirlər Macarıstana qaçan ukraynalılara yardım edir
please wait

No media source currently available

0:00 0:03:37 0:00

Marina Ratina

Los-Ancelesdə yaşayan bir çox rus və ukraynalı mühacir oradakı ukraynalı qaçqınlara yardım etmək üçün Macarıstana gedib. Onların arasında məşhur "Maşa və Ayı" cizgi serialının keçmiş prodüseri Marina Ratina da var.

Marina Ratina uzun illər məşhur uşaq cizgi filmi "Maşa və Ayı" serialının prodüseri olub. Hazırda o, Kaliforniyanın Los-Anceles şəhərində yaşayır. Lakin fevralın sonunda Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra Ratina kömək üçün Macarıstana üz tutub. “Mən Moskvada doğulub böyümüşəm. Hadisələrin belə ağılsız şəkildə cərəyan edəcəyini gözləmirdim; Çernihivda, Kyivdə yaxın dostlarım var” - deyə, o bildirir.

Macarıstana Kaliforniyadan kardioloq Marta Vakulenko və proqram təminatı üzrə mütəxəssis Vadim Olşanski də gedib. Onların hər ikisi əslən Ukraynadandır və deyirlər ki, başqa cür edə bilməzdilər. “Kaliforniyadan yardım və nə isə etmək üçün bütün səylərimizə baxmayaraq, mən başqa bir şey etməli olduğumu hiss etdim. Mən də qaçqınlara fiziki cəhətdən daha yaxın olmaq istəyirdim”.

Onlar birlikdə Macarıstandakı onlarla ukraynalı qaçqına tibbi yardım təklif edən mobil klinika yaradıb. Onlar yerli tibb mütəxəssisləri, biznes sahibləri və sadəcə adi macarlarla birlikdə işləyir. Marina Ratina: “Biz özümüzlə müxtəlif tibbi avadanlığı ilə dolu beş çamadan gətirdik. Marta həkimdir, mən tibb işçisi, Vadim isə informasiya dəstəyi verir. O, dozanı yoxlayır və hər şeyi sistemə daxil edir. Reseptli dərmanlara ehtiyacı olan hər bir insan bizə müraciət etdikdə, onlara gərək olan dərmandan cəmi beş həb ala bilər. Çoxları yaşlıdır, təzyiqləri var. Çoxları evlərini qəflətən tərk etdikləri üçün ehtiyacları olan şeyləri götürə bilməyiblər."

Onların komandasına qoşulanlar arasında təsadüfən qaçqın düşmüş insanlar da var. Kyivli Liza Rusiya Ukraynanı işğal edəndə Macarıstanda işləyirdi. “Mən buraya təsadüfən gəlmişəm. Fevralın 20-də mən buraya gəldim və evə qayıtmalı olanda müharibə başladı. Mən burada qaldım və dərhal könüllü olaraq işə başladım”.

Tibbi yardım göstərməklə yanaşı, könüllülər qaçqınlara yaşayış yerlərini müəyyən etməyə yardım edir və bəzi maddi yardımlar təşkil etməyə çalışır. Lakin onların yardım edə bilməyəcəyi şeylər də var. Vadim Olşanski: “Bu gün oğlu Ukraynada ölən qadınla söhbət etdik. Nə edə biləcəyimizi bilmirəm. Biri oğlunu itirəndə necə üzr istəmək, necə üzrxahlıq etmək olar?”

"Uşağa müharibənin nə olduğunu, niyə köçməyə ehtiyac olduğunu, niyə artıq evin olmadığını, niyə küçədə silahlı adamların olduğunu və niyə maşına atəş açıldığını izah etməlisiniz" - deyə, doktor Marta Vakulenko bildirir.

Könüllülərin yardım etdiyi insanlar arasında qaraçı qrupu da var idi. “Onlar Macarıstanda, Ukraynada ən yoxsul və imkansız qruplardandır və əksər hallarda tibbi yardıma çıxışı olmayan insanlardır. Onlar çox mehriban, çox minnətdar, çox həmrəy insanlardır. Onlar böyük icmalarda yaşayırlar və bu, onlara bütün dəyişikliklərin stressindən çıxmağa kömək edir. Görünür, onlar bunu başqa cür qəbul edir”.

Ratina və digər könüllülər işləri haqqında məlumatı sosial şəbəkələrdə paylaşır. Onların daha çox kaliforniyalı dostları qaçqınlara yardım etmək üçün yaxın günlərdə Budapeştə yollanacaq.

XS
SM
MD
LG