NATO liderləri Rusiyanın Ukraynaya bir aydır davam edən işğalına qısa və uzunmüddətli cavablarını müzakirə etmək üçün cümə axşamı Brüsseldə görüşür. Ukrayna prezidenti Volodimir Zelenskinin onlara əlavə yardım üçün birbaşa müraciət edəcəyi gözlənilir.
Görüşdən əvvəl Zelenski ingilis dilində video-müraciət edərək, NATO üzvlərindən Ukrayna ordusuna silah da daxil olmaqla, “effektiv və məhdudiyyətsiz” dəstək istəyib.
Zelenski bütün dünyadakı insanları Rusiyanın işğalına qarşı ictimai etiraz aksiyaları keçirməyə çağırıb.
Zelenski "Ukraynanı dəstəkləmək, azadlığı dəstəkləmək, həyatı dəstəkləmək üçün Ukrayna simvolları ilə gəlin. Meydanlarınıza, küçələrinizə çıxın, özünüzü göstərin və eşitdirin" deyib.
NATO-da müzakirələrdən əlavə ABŞ prezidenti Co Bayden cümə axşamı Böyük Yeddilər-in (G-7) liderləri və Avropa Şurası ilə görüşür. Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ümumi məqsədin "son bir ayda gördüyümüz qətiyyət və birliyin nə qədər gərəkdirsə, o qədər davam edəcəyini eşitmək" olduğunu deyib.
Sallivan deyib ki, buraya öhdəliklərinə əməl edən ölkələrin Ukraynaya hərbi texnikanın artırılması və Rusiyaya qarşı mövcud sanksiyaların tətbiqinə əməl edilməsi ilə yanaşı müharibədən zərər çəkən insanlara humanitar yardımın artırılması yollarını axtarmaq da daxildir.
Bayden Rusiyanın siyasi xadimləri, oliqarxları və digər qurumlarına qarşı sanksiyaların yeni mərhələsini elan etməlidir.
Britaniyanın cümə axşamı bildirdiyinə görə, yeni sanksiyalar paketinə neft və qaz ödənişlərinin edildiyi Qazprombank və Rusiyanın ən böyük özəl kreditoru Alfa Bankın aktivlərinin dondurulması daxildir. Sanksiyaya məruz qalanlar arasında neft maqnatı Yevgeni Şvidler, Sberbankın baş direktoru German Qref və xarici işlər naziri Sergey Lavrovun ögey qızı Polina Kovalyova da var.