Accessibility links

Rusiyanın hava hücumlarından sonra Xarkivdə binalar yanır


Ukraynanın Fövqəladə Hallar Xidmətinin bildirdiyinə görə, Rusiya silahlı qüvvələrinin hava zərbələri nəticəsində Xarkiv Vilayət Daxili İşlər İdarəsi və milli universitetin binaları yanıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya ordusunun Xerson şəhərinin “tam nəzarətini” ələ aldığını iddia edib.

Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Rusiya ordusu martın 2-də səhər saatlarında Xarkiv vilayətindəki SBU-nun binaları, Xarkiv vilayəti üzrə Polis Baş İdarəsi və V. N. Karazin adına Xarkiv Milli Universitetinin binasına raket hücumu həyata keçirib.

Atılan mərmilər yaşayış binalarında da yanğınlara səbəb olub və yanğınların genişlənmə təhlükəsi var. İdarədən verilən ilkin məlumata görə, səhər saatlarında həyata keçirilən hücum nəticəsində 3 nəfər yaralanıb.

"Xarkiv Daxili İşlər İdarəsinin binası ilə üzbəüz küçədə yerləşən Karazin Milli Universitetinin Sosiologiya Fakültəsinin binası artıq yanır" - deyə, xəbər agentliyi yazıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda xilasedicilər yanğın yerində işləyir.

Keçən gün Xarkivdə atışma zamanı 21 nəfər ölüb, 112 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Reuters xəbər agentliyi bu barədə məlumatı Xarkiv Vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən yayıb.

Şəhər rəhbərliyi Rusiya raketlərinin Ukraynanın ikinci böyük şəhərinin mərkəzinə, o cümlədən yaşayış məntəqələri və vilayət administrasiyasının binasına atıldığını bildirib.

Mərmilərdən biri beşmərtəbəli yaşayış binasına düşdüyü üçün orada 8 nəfər ölüb, 6 nəfər yaralanıb. Xarici tələbələr şəhərdən təxliyə edilir.

XS
SM
MD
LG