Accessibility links

Zelenski: “Müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlardan başqa seçim yoxdur”


Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin mülki əhaliyə qarşı törədilə bilən vəhşiliklərin qınağa səbəb olduğu və araşdırmalara çağırıldığı bir vaxt, bunu etmək çətin olsa belə, müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlardan “başqa seçim yoxdur” deyib.

Aprelin 5-də dövlət televiziyasında ukraynalı jurnalistlərə müsahibə verən Zelenski Buçada baş verənləri “bağışlanmaz” adlandırıb və “mən də daxil olmaqla, hamımız hətta danışıqların mümkünlüyünü çağırış kimi qəbul edəcəyik” deyib.

"Çağırış daxildə, ilk növbədə insanın öz daxili çağırışıdır. Sonra özümünü toplayanda, bunu etməli olduğunuzu düşünürsünüz. Başqa seçimimiz yoxdur" - deyə, o bildirib.

Müsahibə Zelenskinin paytaxt yaxınlığındakı Buçaya emosional səfərindən bir gün sonraya təsadüf edir. Ukrayna rəsmiləri orada mülki vətəndaşların cəsədlərinin aşkar edildiyini, onlardan çoxunun həyətlərdə, küçələrdə və evlərdə güllələndiyini bildirib.

Zelenski aprelin 5-də BMT Təhlükəsizlik Şurasında çıxış edərək, Buça şəhərində “müharibə cinayətləri” və “soyqırım” adlandırdığı qətliamlara görə Rusiyaya qarşı yeni sərt sanksiyalara çağırıb.

Açıq havada bəzilərinin əlləri arxadan bağlanmış cəsədlərin dəhşətli görüntüləri Rusiyanın beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınağına səbəb olub, Moskva isə ittihamları rədd edərək onları “saxta” adlandırıb.

Buça meri Anatoli Fedoruk 300-ə yaxın mülki vətəndaşın qətlə yetirilməsini "Ukrayna müqavimətinə görə qisas" adlandırıb.

NATO-nun baş katibi Yens Stoltenberq kütləvi məzarlıqların və mülki vətəndaşların cəsədləri ilə dolu küçələrin foto şəkillərinin Avropanın “bir çox onilliklər ərzində şahidi olmadığı dözülməz qəddarlığı” ortaya qoyduğunu və Ukraynada “daha çox vəhşiliklərin” hələ də aşkar ediləcəyindən ehtiyat etdiyini bildirib.

Rusiya və Ukrayna nümayəndə heyətləri ittihamlarlara baxmayaraq, sülh danışıqlarını davam etdirir.

Kremlin sözçüsü Dmitri Peskov Zelenskinin şərhlərinə cavab olaraq deyib ki, Moskva Zelenskinin istədiyi kimi Rusiya və Ukrayna prezidentlərinin görüşünün mümkünlüyünü istisna etməyib. Lakin o, belə bir görüşün yalnız iki tərəf arasında sənədin razılaşdırılmasından sonra mümkün olacağını deyib.

XS
SM
MD
LG