Accessibility links

Volodimir Zelenski Almaniya parlamentinə müraciət edib


Avropada “azadlıq və əsarət arasında” yeni divarın ucaldıldığını deyən Ukrayna prezidenti Volodimir Zelenski Almaniya parlamentinə müraciət edərək, bu ölkədən yardım istəyib.

Video-müraciətində Zelenski “Və bu divar Ukraynanın üzərinə düşən hər bomba, qəbul olunmayan hər qərarla daha da böyüyür” deyib.

O, Almaniyanı Rusiyadan təbii qaz nəqlini nəzərdə tutan və hazırda dayandırılan “Şimal axını 2” boru kəməri layihəsini dəstəklədiyinə görə tənqid edərək, bu ölkənin öz iqtisadi rifahini Ukraynanın təhlükəsizliyindən üstün tutduğunu deyib.

“Biz sizə üz tutduq. Biz sizə dedik ki, “Şimal axını” müharibəyə bir növ hazırlıqdır” - deyə, Zelenski bildirib.

Rusiyanın Ukraynanın cənubunda mühasirəyə aldığı Mariupol şəhərində yüzlərlə mülki vətəndaşın sığındığı teatra hava hücumundan sonra cümə axşamı xilasetmə işləri davam edib.

“Maxar” kosmik texnologiya şirkəti tərəfindən yayımlanan saytın peyk görüntülərində hələ bazar ertəsi teatrın qarşısında rus dilində yazılmış “uşaqlar” sözü görünür.

Putin Ukraynanı işğala üç həftə əvvəl başlayıb. Onun qüvvələri xəstəxanalara, məktəblərə və yaşayış binalarına zərbələr endirib. Zelenski genişmiqyaslı hücumlar zamanı 100-ə yaxın uşağın həlak olduğunu bildirib.

Çərşənbə günü Ukrayna prezidenti ABŞ Konqresindən və prezident Co Baydendən daha çox hərbi yardım istəyib və Ukraynanın mühasirəyə alınmış səmasında uçuşlara qadağa tətbiqi xahiş edib.

ABŞ Konqresində virtual olaraq çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski "Hazırda ölkəmizin taleyi həll olunur" deyib.

Lakin Ağ Ev bunun ABŞ-la Rusiyanın birbaşa qarşıdurması olduğunu deyib. "Biz bunun təsirli bir addım olacağına dair fikirlə razı deyilik. Çünki uçuşlara qadağa zonası bizim Rusiya təyyarələrini vurmağımız və onların potensial olaraq bizə cavab atəşi açması deməkdir" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı bildirib.

XS
SM
MD
LG