Rusiyada həbsdə saxlanılan ukraynalı pilot azadlığa buraxılıb. Nadya Savçenko Rusiyada iki il həbsdə qaldıqdan sonra çərşənbə günü Kiyevə qayıdıb.
Ukrayna prezident administrasiyası rəsmisinin verdiyi məlumata əsasən, 35 yaşlı hərbi pilot günün əvvəlində iki rus əsgərinin Moskva ilə mübadiləsi nəticəsində azad olunub.
Rusiya prezidenti Vladimir Putin çərşənbə günü bildirib ki, şərqi Ukraynada öldürülmüş iki jurnalistin həyat yoldaşları ondan ukraynalı pilotu bağışlamasını xahiş edib. Putin pilotun azadlığa buraxılmasının Ukrayna ilə münaqişədə gərginliyin azaldılması və insan ölümlərinin qarşısının alınmasına yardım edəcəyinə ümid etdiyini deyib.
Savçenko şərqi Ukraynada rusların dəstəyi ilə Ukrayna höküməti əleyhinə üsyan qaldırmış qüvvələrə hücüm əməliyyatından sonra iki rus jurnalistini qətlə yetirməkdə ittiham edilərək 22 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Savçenko ona qarşı irəli sürülmüş ittihamları rədd edərək, bir neçə dəfə aclıq aksiyası keçirmişdi.
Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Federika Mogerini Savçenkonun azadlığa buraxılmasını bütün Ukrayna xalqı ilə bərabər qeyd etdiyini söyləyib.
“Avropa İttifaqının onun ölkəsi ilə bir yerdə qeyd etdiyi çoxdan gözlənilən xoş xəbərdir. Nadya Savçenko azaddır və Ukraynaya qayıdıb,” deyə İtaliyanın keçmiş xarici işlər naziri olan Mogerini öz Twitter səhifəsində yazıb.