Accessibility links

Ukrayna müxalifəti yenidən prezidentlə danışıqlara hazırlaşır [Yenilənib]


Ukraynanın əsas müxalif partiyaları deyir ki, onlar zorakılıqların qarşısını almaq üçün prezident Viktor Yanukoviçlə danışıqları davam etməyə hazırlaşır.

Ancaq müxalifət bəyənatında xəbərdarlıq edilir ki, nümayişçilərin səbr kasası hər an daşa bilər.

Ukraynanın ədliyyə nazirinin xəbərdarlığında bildirilir ki, nümayişçilər dünən Kiyevdə ələ keçirdikləri Ədliyyə Nazirliyinin binasını tərk etməsələr, ölkədə fövqəladə vəziyyət elan oluna bilər.

Bu gün televiziya vasitəsilə ədliyyə naziri Olena Lukaş deyib ki, bina hökumətə geri qaytarılmasa o, müxalifətlə prezident Viktor Yanukoviç arasında danışıqların dayandırılmasını tələb edə bilər.

Bu arada müxalifət liderlərinin bildirdiyinə görə, cənab Yanukoviçin Arseniy Yatsenyuka baş nazir, boks üzrə sabiq dünya çempionu, UDAR (Zərbə) Partiyasının sədri Vilati Kliçkoya isə baş naziri müavini vəzifələrini təklif etməsi nümayişlərə son qoymaq üçün yetərli deyil. Son məlumatlarda etiraz dalğasının artıq prezidentin tərəfdarı hesan edilən ölkənin şərq sərhədlərinə doğru yayıldığı bildirilir.

Kiyevin Azadlıq meydanında Arseniy Yatsenyuk nümayişçilərə deyib ki, müxalifət siyasi məsuliyyəti qəbul etməkdən çəkinmir. Ancaq onun sözlərinə görə, danışıqların davam etməsi üçün prezident Yanukoviç müxalifətin bir neçə sas tələbinə cavab verməlidir.

Gərginliklər Ukrayna prezidenti Viktor Yanukoviçin hökumətdə dəyişiklik və nümayişlərlə bağlı qanunda düzəliş edilməsinə razılıq verməsindən sonraya təsadüf edir.
XS
SM
MD
LG