BMT-nin Baş katibi Antonio Quterreş bazar ertəsi beynəlxalq biznes liderlərini və iqtisadçılarını COVID-19-dan sonra dünya boyu iqtisadiyyatın ədalətli bərpasına çağırıb.
Normalda İsveçrənin Davos şəhərində toplanan, lakin pandemiya səbəbindən bu il virtual keçirilən Ümumdünya İqtisadi Forumuna çıxış edən Quterreş "Bu kritik anda biz bərabər bir bərpa yolu seçməliyik" deyib.
“Əsasən də aşağı və orta gəlirli ölkələrdə olmaqla, inflyasiyanın rekord həddə çatması, maliyyə məkanının daralması, yüksək faiz dərəcələri, yüksələn enerji və ərzaq qiymətləri dünyanın hər tərəfinə zərbə vurur və bərpanı əngəlləyir” - deyə, Quterreş bildirib.
Birləşmiş Millətlər Təşkilatının rəhbəri pandemiya davam etdiyi üçün bərpa prosesinin "kövrək və qeyri-bərabər" olaraq qaldığını, yoxsul ölkələrin nsillərinin ən aşağı oqtosadi artımını yaşadığını, borcların bağışlanması və maliyyələşdirməyə ehtiyac olduğunu deyib. O, qlobal maliyyə sistemində islahatlara çağırıb.
"Son iki ildə sadə, lakin sərt bir həqiqətlə üzləşmişik - kimisə geridə qoysaq, nəticədə hamımız geridə qalacağıq" , Quterreş deyib.
Ümumdünya Səhiyyə Təşkilatının cümə axşamı bildirdiyinə görə, dünya ölkələrinin 90%-nin qarşısına qoyduğu 2021-ci ilin sonuna qədər əhalisinin 40%-ni peyvənd etmək məqsədinə çatmayıb. Təkcə Afrikada bir milyarda yaxın insana bir dəfə də olsun peyvənd vurulmayıb.
"Hər bir insanı peyvənd edə bilməsək, bu, yeni variantlara səbəb olacaq və sərhədləri aşaraq, həyat və iqtisadiyyatları dayanma nöqtəsinə gətirəcək" - deyə, Quterreş xəbərdarlıq edib.
Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi ilə mübarizədə daha çox iş görməlidir.
O, 2030-cu ilə qədər qlobal istixana qazı emissiyalarını 45% azaltmağa çağırıb və “Yeni kursun planlaşdırılması üçün hamımızın əl-ələ verməsinə ehtiyacımız var” deyib. Bunun üçün isə o, kömürdən imtina etməyə və yeni kömür zavodlarının tikintisini dayandırmağa çağırıb.
Quterreş 2050-ci ilə qədər sıfır emissiyalara nail olmaq üzrə qlobal hədəfə toxunaraq, “Bizim hədəfimizə çatmaq üçün bizneslər və investorların dəstəyinə ehtiyacımız var“ deyib.