Accessibility links

HƏMAS Qəzza şəhərində 20 nəfərin öldüyünü, 150 nəfərin yaralandığını bildirib


HƏMAS-ın səhiyyə rəsmilərinin bildirdiyinə, İsrailin cümə axşamı Qəzza şəhərində fələstinlilərin humanitar yardım gözlədiyi bir yerdə həyata keçirdiyi hücumu nəticəsində azı 20 nəfər ölüb, 150 nəfər yaralanıb.

İsrail ordusu bu xəbəri araşdırdığını bildirib.

İsrail tankları Xan Yunisdəki iki xəstəxananın ətrafındakı əraziləri bombardman edərək, məcburi köçkün fələstinliləri təhlükəsiz sığınacaq axtarmaq üçün şəhərdən uzaqlaşmağa məcbur edib. İsrailin hücumları HƏMAS-ın Aralıq dənizi boyunca dar ərazi olan Qəzzaya nəzarətini dayandırmaq səylərinin bir hissəsidir.

Qəzza səhiyyə rəsmiləri eləcə də bildiriblər ki, İsrailin bir yaşayış evinə endirdiyi hava hücumu zamanı iki uşaq da daxil olmaqla, son sutka ərzində Xan Yunisdə azı 50 fələstinli ölüb. Sakinlərin dediyinə görə, şəhər hazırda İsrail zirehli qüvvələri tərəfindən mühasirəyə alınıb və demək olar ki, dayanmadan havadan və qurudan atəşə tutulur.

Tankların minlərlə fələstinlinin yerləşdiyi BMT-nin təlim mərkəzini atəşə tutmasının azı 12 nəfərin ölümü ilə nəticələnməsindən sonra BMT-nin yüksək rütbəli rəsmisi cümə axşamı mülki əhalinin qorunması üçün "hər cür tədbir" görülməsinə çağırıb.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza məsələləri üzrə direktoru Tomas Vaytın bildirdiyinə görə, hücumun baş verdiyi Qəzzanın cənubundakı Xan Yunis şəhərindəki vəziyyət "humanitar hüququn fundamental prinsiplərinə davamlı şəkildə riayət edilmədiyini" göstərir.

"Xan Yunisdəki mülki obyektlərə davamlı hücumlar tamamilə qəbuledilməzdir və dərhal dayandırılmalıdır. İnsanlar ölür və yaralanır. Köçkünlərə ev sahibliyi edən xəstəxanalar və sığınacaqlar ətrafında döyüşlər şiddətləndikcə insanlar içəridə sıxışıb qalır və bu, xilasetmə əməliyyatlarına mane olur", Vayt deyib.

Vayt çərşənbə günü həyata keçirilən hücum zamanı azı 75 nəfərin də yaralandığını bildirib.

İsrail hərbçiləri atəşin onun qüvvələri tərəfindən edildiyinə inanmadıqlarını, lakin hadisənin araşdırıldığını deyib. İsrail həmçinin Xan Yunisin böyük ərazisinin HƏMAS militantları üçün əhəmiyyətli baza olduğunu bildirib.

HƏMAS-a qarşı apardığı müharibədə İsrailin əsas müttəfiqi olan Birləşmiş Ştatlar dinc sakinlərin ölümünə səbəb olan son hücumu pisləyib. Dövlət Departamenti "BMT-nin Xan Yunisdəki təlim mərkəzinə hücuma görə təəssüflənirik" deyib.

"Siz mənim bunu əvvəl də dediyimi eşitmisiniz. [Dövlət katibi Antoni Blinkenin] də bunu dediyini eşitmisiniz. Mülki şəxslər qorunmalı, BMT obyektlərinin qorunmasına hörmət edilməlidir. Və humanitar işçilər qorunmalıdır ki, onlar mülki şəxslərə ehtiyac duyduqları həyat üçün vacib humanitar yardımı göstərməyə davam edə bilsinlər", Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini kompleksin BMT obyekti kimi qeyd edildiyini və koordinasiyaların İsrail hakimiyyəti ilə paylaşıldığını bildirib.

Forum

XS
SM
MD
LG