Accessibility links

BMT-nin insan haqları üzrə baş komissarı Rusiyanın Ukraynada mülki əhalini qorumaq üçün adekvat tədbirlər görmədiyini deyir


BMT-nin insan haqları üzrə baş komissarı Volker Turk çərşənbə axşamı Rusiyanın Ukraynadakı mülki əhalini hücumlarından qorumaq üçün adekvat tədbirlər görmədiyini deyərək, bunu "geniş miqyasda uğursuzluq" adlandırıb.

Turk ofisinin Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı təcavüzə başlamasından bəri 10 min mülki vətəndaşın öldüyünü təsdiqlədiyini, lakin real itkilərin bundan daha çox olduğunu deyib.

O, dinc əhalinin əksəriyyətinin cəbhə xəttində - Donetsk, Xarkiv, Xerson və Zaporijyedə öldürüldüyünü, lakin Rusiyanın Ukraynanın başqa şəhərlərinə etdiyi raket hücumları nəticəsində "əhəmiyyətli itkilər"in də olduğunu bildirib.

Turk deyib ki, onun ofisi Rusiya qüvvələri tərəfindən işğal edilən ərazilərdə özbaşına həbslər və yoxa çıxma hallarını sənədləşdirib və BMT insan haqları işçilərinin bu ərazilərdə saxlanılan hərbi əsirlərlə görüşməsinə imkan verilməyib.

"Mən bütün dövlətləri, xüsusən də təsir gücünə malik olan dövlətləri hər iki tərəfi, xüsusən də Rusiya Federasiyasını beynəlxalq insan hüquqlarına və beynəlxalq humanitar hüquqa tam əməl etməsini təmin etmək üçün təcili və qəti tədbirlər görməyə çağırıram. Onlar mülki şəxslərə dəyən zərərin qarşısını almaq və minimuma endirmək üçün müharibə vasitələri və üsullarının seçilməsi də daxil olmaqla, bütün mümkün tədbirləri görməlidirlər" - deyə, Turk bildirib.

Bu arada, Moskva meri çərşənbə axşamı Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin şəhərin üzərində pilotsuz təyyarə vurduğunu bildirib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Ukrayna ordusu çərşənbə axşamı bildirib ki, keçən gecə Rusiyanın iki pilotsuz təyyarəsini vurub.

Fransanın xarici işlər naziri Ketrin Kolonna və Britaniyanın xarici işlər naziri Devid Kameron arasında Parisdə danışıqlar zamanı Fransa və Britaniya Ukraynaya davamlı dəstək vəd edib.

Kameron deyib ki, hər iki ölkə Ukraynanı "nə qədər lazımdırsa" dəstəkləməyə davam edəcək.

"Mən Putinin məğlub olacağına əmin ola biləcəyimizə şübhə etmirəm və onun məğlub olması vacibdir", Kameron deyib.

Moskvada Kreml Avropa İttifaqının sanksiyalarının yeni mərhələsinə hazır olduğunu və bu sanksiyalardan yan keçməyin yollarını tapacağını bildirib.

Avropa İttifaqı Şurasının bazar ertəsi qəbul etdiyi 12-ci sanksiyalar paketinə Rusiya almazlarının idxalı və ixracına qadağa daxildir.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi gecə etdiyi video-müraciətində bildirib ki, Avropa İttifaqının yeni sanksiyaları Rusiyanın onun ölkəsinə qarşı müharibə üçün iqtisadi əsasını "həqiqətən azaldacaq".

"Avropanın tətbiq etdiyi sanksiyaların qlobal miqyasda təsirini təmin etmək üçün tərəfdaşlarımızla birgə işləməyə davam edəcəyik" deyə, o əlavə edib.

ABŞ dekabrın sonunda Ukraynaya daha bir yardım paketi planlaşdırır. Ağ Evin bazar ertəsi bildirdiyinə görə, bundan sonra Konqres əlavə yardımı təsdiq etməlidir.

Forum

XS
SM
MD
LG