Accessibility links

BMT: İsrailin Rəfahda əməliyyatı 800 mindən çox fələstinlini didərgin salıb


BMT-nin humanitar yardım üzrə yüksək səviyyəli rəsmisinin bazar ertəsi bildirdiyinə görə, İsrailin iki həftə əvvəl Qəzzanın cənubundakı Rəfah şəhərinə qurudan hücuma başlamasından bəri oradan 800 mindən çox fələstinli qaçqın düşüb.

"Bu gün Rəfahda bir vaxtlar izdihamlı düşərgələr və sığınacaqlar böyük ölçüdə boşalıb. Köçkünlərin əksəriyyəti Xan Yunis və Deyr Əl-Bələhdə sığınacaq axtarır", BMT-nin humanitar məsələlər üzrə ofisinin əməliyyatlar və müdafiə şöbəsinin direktoru Edem Vosornu Təhlükəsizlik Şurasının iclasında bildirib.

O, insanların sığınmağa çalışdıqları yerlərdə şəraitin "dəhşətli" olduğunu, tualet, təmiz su, kanalizasiya və qalmağa yer olmadığını deyib.

"Bu dəhşətli şərtlər əsas öhdəliklərə əməl olunmasına dair ciddi şübhələr yaradır", Vosornu bildirib.

Vosornu deyib ki, Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşları Qəzzaya lazım olan miqdarda təchizat çatdıra bilmədiyi üçün məcburi köçkünlərə yardım təklif etməkdə çətinlik çəkir.

İsrail səfiri Rafahdakı mülki əhalinin təxliyə edilməsinin “həqiqətən dəhşətli” olduğunu, lakin bu addımın qınanmalı deyil, dəstəklənməli olduğunu deyib.

“Onlar humanitar yardımla dolu təyin olunmuş zonaya köçüb. Ümid edirik ki, daha çox mülki şəxs Rəfahı tərk edib təhlükədən çıxacaq", səfir Erden Gilad bildirib.

O, İsrailin mülki əhali arasında itkilərin qarşısını almaq üçün Qəzzada hərbi əməliyyatını "yavaş və ehtiyatla" keçirdiyini, lakin əməliyyatın keçirilməli olduğunu deyib. O, əks halda İsrailin Rəfahda qalan HƏMAS terrorçularına toxunulmazlıq verəcəyini bildirib.

Fələstin səfiri İsraili beynəlxalq ictimaiyyətin Rəfahı xilas etmək çağırışlara məhəl qoymamaqda və əhalisini zorla köçürməkdə ittiham edib.

“İnsanlar dəfələrlə dəhşətli şəraitdə məcburi köçkün edilib. Yenə də yüz minlərlə insan yerlərindən didərgin düşür. Onların gedəcəyi, qalacağı, təhlükəsiz ola biləcəyi yerləri yoxdur. Həyatlarında qalan nə varsa arxalarında apararaq, bu dəhşətli taleyin qarşısında tərk edilmiş bu insanlar ölümlə üz-üzə qalıblar ” - deyə, Fələstin səfiri Riyad Mənsur bildirib.

Təhlükəsizlik Şurası, Birləşmiş Ştatlar və bir çox başqa ölkələr İsraili mülki əhali arasında itkilərin çox olması ehtimalına görə Rəfaha girməməyə çağırıb.

Səfir Robert Vud Vaşinqtonun İsrailin təhlükəsizliyinə “dəmir öhdəliyini” bir daha təkrarlasa da, lakin ABŞ və digərlərinin “aydın və ardıcıl xəbərdarlıqlarına” baxmayaraq, İsrailin köçkünlərin ehtiyaclarını ödəmək üçün gördüyü işlərin yetərli olmadığını deyib.

"İsrail bu vəziyyəti düzəltmək və mülki əhalinin müdafiəsini təmin etmək üçün təcili və qəti addımlar atmalıdır. Heç bir gecikmə olmamalıdır. Həyatlar bundan asılıdır”, Vud deyib.

Səfir Vud bildirib ki, buna Rəfah sərhəd keçidinin dərhal açılması da daxildir.

Forum

XS
SM
MD
LG