Accessibility links

BMT rəsmisi İsrailin yardımı məhdudlaşdırmasının müharibə cinayəti ola biləcəyini deyir


BMT-nin insan haqları komissarı çərşənbə axşamı Qəzza zolağında yaxınlaşan aclığın İsrailin humanitar yardımların ölkəyə daxil olmasına və paylanmasına məhdudiyyət qoyması səbəbindən olduğunu deyib və bunun müharibə cinayəti ola biləcəyi barədə xəbərdarlıq edib.

Volker Turk bəyanatında "İsrailin Qəzzaya yardımların daxil olmasına qadağa və hərbi əməliyyatları davam etdirməsi aclıqdan müharibə üsulu kimi istifadə ola bilər və müharibə cinayəti sayıla bilər" deyib.

Onun şərhləri BMT-nin dəstəklədiyi hesabatın Qəzzada 1,1 milyon fələstinlinin dəhşətli aclıqla üzləşdiyini bildirməsindən bir gün sonraya təsadüf edib. İnteqrasiya Qida Təhlükəsizliyi Faza Təsnifatı hesabatında aclığın qarşıdakı həftələrdə istənilən vaxt baş verə biləcəyi, Qəzzanın şimalında təxminən 210 min insanın ən fəlakətli təhlükə ilə üzləşdiyi bildirilib.

"İsrail işğalçı qüvvə kimi əhaliyə onların ehtiyaclarına uyğun ərzaq və tibbi xidmət göstərilməsini təmin etmək və bu yardımı çatdırmaq üçün humanitar təşkilatların işini asanlaşdırmaq öhdəliyinə malikdir" - deyə, ali komissar bildirib.

Onun sözlərinə görə, İsrail həmçinin qəzzalıların yardıma təhlükəsiz və layiqli şəkildə çatmasını təmin etməlidir.

"Vaxt gedir. Hər kəs, xüsusən də təsir gücünə malik olanlar İsrailin aclığa son qoymaq və bütün aclıq riskini aradan qaldırmaq üçün lazım olan humanitar yardımın və kommersiya mallarının maneəsiz daxil olmasını və paylanmasını asanlaşdırmaq üçün hərəkətə keçməsində israr etməlidir" - deyə, Turk xəbərdarlıq edib: .

İsrail Qəzzaya humanitar yardımın beynəlxalq hüquqa uyğun olaraq qurudan, havadan və dənizdən daxil olmasını asanlaşdırdığını və Qəzzaya daxil ola biləcək ərzağın miqdarını məhdudlaşdırmadığını bildirir. O, BMT-ni və onun tərəfdaş qurumlarını yardımı kifayət qədər sürətlə yaymamaqda günahlandırır.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) çərşənbə axşamı bildirdiyinə görə, əsasən də Qəzzanın şimalında yüzminlərlə insan olmaqla, yardıma yaxınlaşmaq məhdudiyyətləri davam edir.

Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi martın ilk iki həftəsində İsrailin Qəzzanın şimalına planlaşdırılan yardım missiyalarının yarıdan azının, yəni 24-dən 11-nin çatdırıldığını, qalanlarının ya rədd edildiyini, ya da təxirə salındığını bildirib.

"OCHA-nın dəfələrlə vurğuladığı kimi, İsrail ordusunun Qəzzaya təhlükəsiz, davamlı və maneəsiz girişi təmin etməsinə və Qəzzaya bütün mümkün giriş nöqtələrini açmasına ehtiyacımız var. Yardımı geniş miqyasda və qaçılmaz aclığın qarşısını almaq üçün tələb olunan miqyasda çatdırmağın yeganə yolu maşın yoludur" - deyə, BMT sözçünün müavini Farhan Haq jurnalistlərə bildirib.

İsrailin Qəzzaya yardımları əlaqələndirən COGAT öz internet səhifəsində bazar ertəsi 222 yardım maşınının yoxlanılaraq Qəzzaya göndərildiyini bildirib. Özəl idarə olunan 20 ərzaq maşınından ibarət karvan da şimala gedib. Lakin Ümumdünya Ərzaq Proqramı deyir ki, əsasən də müntəzəm yardımın çatdırılması kəsilmiş şimala olmaqla, onun agentliyinə Qəzzaya daxil olmaq və qida paylamaq üçün hər gün ən azı 300 yük maşını lazımdır.

Forum

XS
SM
MD
LG