İsrail çərşənbə axşamı Qəzza zolağında HƏMAS militantlarına qarşı yerdən əməliyyatları ilə yanaşı yeni hava hücumları həyata keçirdiyi bir vaxt, ABŞ Qırmızı dənizdəki nəqliyyat yollarını Yəmənin İranın dəstəklədiyi husi üsyançılarından qorumaq üçün müttəfiqlərini səfərbər edib.
İsrail ordusu çərşənbə axşamı son hədəflərinin HƏMAS-ın istifadə etdiyi birləşmələri olduğunu və İsrail əsgərlərinin Qəzzanın cənubundakı tunelin şaxtasını məhv etdiyini bildirib.
HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin minlərlə dinc sakinin Misirlə sərhədə yaxın qaçdığı, cənubda yerləşən Rəfah şəhərinə endirdiyi zərbələr nəticəsində azı 20 nəfər ölüb.
Son döyüşlər BMT Təhlükəsizlik Şurasının çərşənbə axşamı Qəzzada ərzaq, su və dərmana ehtiyacı olan mülki fələstinlilərə humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün döyüşlərə fasilə verilməsini tələb edən qətnaməyə səs verilməsinin planlaşdırıldığı vaxta təsadüf edib.
Səsvermə bazar ertəsi gözlənilirdi. Lakin qətnamənin mətni ilə bağlı davam edən danışıqlar fonunda təxirə salındı.
Təhlükəsizlik Şurasının bu ayın əvvəlində humanitar atəşkəsə çağıran qətnaməsi Birləşmiş Ştatların tədbirin qarşısını almaq üçün veto hüququndan istifadə etməsi nəticəsində qəbul edilməyib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qısa müddət sonra oxşar qətnaməni səs çoxluğu ilə dəstəkləyib, lakin onun qətnamələri icbari deyil.
ABŞ Müdafiə Naziri Lloyd Astin çərşənbə axşamı Qırmızı dənizdə həyati əhəmiyyət daşıyan gəmiçilik zolaqlarını qorumaq üçün çoxmillətli dəniz təhlükəsizliyi təşəbbüsünün formalaşdığını elan edib.
Bu addım İsrailə gedən gəmiləri hədəf almağa söz verən Yəməndəki husi üsyançılarının təkrar hücumlarından sonra atılıb. Husilərin baş müzakirəçisi və sözçüsü Məhəmməd Əbdül-Salam X-də yeni təşəbbüsün onların hücumlarını dayandırmayacağını və husilərin əməliyyatlarının "Qəzzəyə dəstək üçün qanuni əməliyyatlar" olduğunu bildirib.
Astinin sözlərinə görə, Birləşmiş Ştatlarla yanaşı, birgə patrul və ya kəşfiyyat dəstəyi verən ölkələrə Britaniya Bəhreyn, Kanada, Fransa, İtaliya, NiderlND, Norveç, Seyşel adaları və İspaniya daxildir.
Pentaqon husilərin 100 hücumda dron və ballistik raketlərdən istifadə edərək, 10 ticarət gəmisini hədəf aldığını bildirib.
Mülki əhali və ya döyüşçü olmasından asılı olmayaraq ölümləri arasında fərq qoymayan HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab tədbirləri Qəzzada 19,400-dən çox insanın ölümünə səbəb olub. İsrail yerdən hücumları zamanı 131 əsgərinin öldüyünü bildirib.
BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) bildirdiyinə görə, münaqişə Qəzza əhalisinin təxminən 85%-ni evlərini tərk etməyə məcbur edib. Onların bir çoxu BMT-nin Qəzzanın cənubundakı sığınacaqlarında yer tapmağa çalışır.
Forum