BMT Ukraynanın Mariupol şəhərində polad zavodundan insanların təxliyəsi üzrə əməliyyatın aparıldığını təsdiqləyib. Təşkilat 1000-ə qədər ukraynalı mülki vətəndaşın Rusiya hərbçiləri tərəfindən Mariupolda mühasirəyə alınmış polad zavodundan təxliyəsi üçün “təhlükəsiz keçid əməliyyatı” həyata keçirdiyini bildirib.
BMT-nin humanitar məsələlər üzrə sözçüsü Saviano Abreu bazar günü Associated Press agentliyinə bildirib ki, Azovstal polad zavodundan insanların təxliyəsi üçün səylər Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq və Ukrayna və Rusiya rəsmiləri ilə koordinasiya əsasında həyata keçirilir.
Rəsmilər 2 min ukraynalı döyüşçünün Rusiya qüvvələri tərəfindən əhatə olunmuş zavodun tunneləri və keçidlərində gizlənərək orada qaldığına inanır.
Bazar günü Mariupolda polad zavodundan insanların təxliyə edilməsi nəticəsində təxminən 50 ukraynalı mülki şəxsin Mariupoldan təxminən 30 kilometr aralıda yerləşən Bezymyannı kəndində nisbi təhlükəsiz yerə çatdırıldığı bildirilir.
Rusiya Müdafiə Nazirliyi 25 nəfərlik qrup və daha 21 nəfər daxil olmaqla ümumilikdə 46 nəfərin təxliyə edildiyini bildirib. Ukraynanın polad zavodunu müdafiə edən birləşməsi olan Azov alayı isə isə təxliyə edilənlər arasında 20 qadın və uşağın olduğunu bildirib.
BMT-nin təxliyə əməliyyatı ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və altı demokrat qanunvericinin şənbə günü Kyivə gözlənilmədən səfər etdiyi vaxta təsadüf edir. ABŞ qanunvericiləri prezident Volodimir Zelenski ilə üç saat danışıqlar aparıb.
Kyivi tərk edəndən sonra Polşada olan Pelosinin bildirdiyinə görə, o, Zelenskiyə “biz bu mübarizədə qələbəyə qədər sizinlə olacağıq” kimi söz verib.
Bu arada Rusiya Ukraynanın cənubunda sahil rayonlarına və ölkənin şərqində sənaye mərkəzinə yeni hücumlar həyata keçirib. Döyüşlər kəndlərdə aparılır.
Aprelin 21-də Rusiya yüzlərlə ukraynalı əsgər və mülki şəxsin sovet dövründə bunkerlər və tunellər şəbəkəsinə malik nəhəng Azovstal polad zavodunun kompleksinin ərazisinə sığındığı vaxt Mariupolda qələbəsini elan edib.
Son həftələr dinc sakinlərin təxliyəsi ilə bağlı danışıqlar dəfələrlə dayandırılıb, lakin bazar günü 50-dən çox mülki şəxs Mariupoldan çıxa bilib və Rusiyanın nəzarətində olan ərazidə yerləşən Bezymyannı kəndindəki müvəqqəti yaşayış mərkəzinə gəldiyi bildirilir.