Accessibility links

BMT: Sudanın səhiyyə sistemi münaqişə səbəbilə iflas etməyə yaxındır


Birləşmiş Millətlər Təşkilatı agentlikləri cümə günü bildirib ki, Sudanda milyonlarla insan təcili və xronik xəstələliklər üçün müalicə ala bilmir, çünki döyüşlər ölkənin zəif səhiyyə sistemini demək olar ki, tamamilə iflas vəziyyətinə gətirib çıxarıb.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi bəyanatında bildirib ki, zorakılıq və “təchizat çatışmazlığı, müəssisələrin zədələnməsi və ya zəbt edilməsi və tibb işçilərinə qarşı hücumlar” insanların həyatına və onların səhiyyə xidmətlərindən istifadə imkanlarına dağıdıcı təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, üç ay öncə Sudan silahlı qüvvələri ilə yarı-hərbi Çevik Dəstək Qüvvələri arasında döyüşlər başlayandan bəri səhiyyə müəssisələrinə təxminən 50 hücum nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.

“Davam edən zorakılıq, geniş yayılmış təhlükəli vəziyyət, sağlamlıq müəssisələrinə təkrar hücumlar və zəruri tibbi ləvazimatlara məhdud çıxış, Sudan xalqını həyat və ölüm arasında bir vəziyyətə salır,” Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi bölgəsi üzrə ofisinin fövqəladə məsələlər direktoru Rik Brennan deyib.

Qahirədən çıxış edən Brennan deyib ki, zorakılığın sətəlcəm və ishal kimi infeksiyaların müalicəsi, travma müalicəsi və mamalıq baxımı da daxil olmaqla ən əsas səhiyyə xidmətlərinə çıxışa böyük təsir göstərir.

O deyib ki, münaqişə şəkərli diabet və hipertoniya kimi xroniki xəstəlikləri olan insanların müalicə almasına mane olur.

“Böyrək çatışmazlığı səbəbilə dializ müalicəsi habelə xərçəng müalicəsi alan xəstələr müalicələrinin qəfil dayandırılması riski ilə üzləşirlər ki, bunun həyat üçün təhlükəli nəticələri ola bilər”.

O bildirib ki, bu xidmətlərə çıxışın əngəllənməsi müntəzəm dializ sessiyalarına ehtiyacı olan 8000 insanın, o cümlədən 240 uşağın həyatını riskə atır. Onun sözlərinə görə, təxminən 49 min sudanlı xərçəng xəstəsi “müalicələrinə çıxışın bərpa olunmaması halında” həyatını itirə bilər.

O deyib ki, səhiyyə ximdətlərinə çıxışın olmaması malyariya, qızılca, danq və vəba epidemiyaları riskini artırır. Onun dediyinə görə, xüsusilə də yağış sezonunun başlaması ilə təhlükələr artır.

“Ölkə boyu təchizat, səhiyyə işçiləri və fəaliyyət göstərən səhiyyə müəssisələrinin çatışmazlığı və təhlükəsizliyin olmaması və milislərin yollarda quraşdırdığı maneələr səbəbilə səhiyyə xidmətləri məhduddur,” o deyib.

XS
SM
MD
LG