Accessibility links

BMT: Rusiyanın Ukraynaya müdaxiləsindən bəri 5237 mülki şəxs həlak olub


Fevralın 24-dən indiyədək Ukraynada hərbi əməliyyatlar nəticəsində 348-i uşaq olmaqla 5237 mülki şəxs həlak olub. Bu məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının idarəsi tərəfindən təqdim olunub.

BMT-nin hesablamalarına görə, 2019 kişi və 1379 qadın, uşaqlar arasında isə 143 qız və 164 oğlan ölüb. Ölən daha 41 uşaq və 1491 nəfərin cinsiyyətini hələ müəyyən etmək mümkün olmayıb. 1384 kişi, 1017 qadın, 150 qız, 215 oğlan, o cümlədən cinsiyyəti məlum olmayan 195 uşaq və 4074 nəfər insan daxil olmaqla, 7035 nəfər xəsarət alıb.

İdarənin statistikasına əsasən, mart ayında ən çox - 3120 ölüm qeydə alınıb. İyulun 1-dən iyulun 24-dək 285 ölüm halı baş verib.

BMT mülki şəxslər arasında ən çox ölüm hallarını Luhansk və Donetsk vilayətlərində qeydə alıb. Bu vilayətlərdə 3089 nəfər həlak olub, 3760 nəfər yaralanıb. Ukrayna hakimiyyət orqanlarının nəzarətində olan ərazilərdə 2848 nəfər həlak olub, 2820 nəfər yaralanıb. Rusiyanın nəzarətində olan ərazilərdə isə 241 nəfər ölüb, 940 nəfər yaralanıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının idarəsi tərəfindən göstərilən digər ölüm və xəsarət halları Kyiv, Çerkassı, Çerniqiv, Xarkiv, Xerson, Nikolayiv, Odessa, Sumi, Zaporojye, Dnepropetrovsk, Poltava, Rivne, Vinnitsa, Ternopil, İvano-Frankivsk və Jitomir vilayətlərində baş verib. BMT-nin hesablamalarına görə, bu regionlarda 2148 nəfər həlak olub, daha 3275 nəfər yaralanıb.

Qeydə alınmış mülki ölüm və ya xəsarətlərin əksəriyyəti geniş təsir sahəsinə malik partlayıcı qurğulardan istifadə, o cümlədən ağır artilleriya və çoxsaylı raket sistemlərindən atəş açılması, həmçinin raket və hava zərbələri nəticəsində baş verib.

Bundan əvvəl Ukrayna Baş Prokurorluğu müharibə başlayandan bəri uşaqlar arasında 358 ölüm halının qeydə alındığını, 686 uşağın isə yaralandığını bildirmişdi. Azyaşlılar ən çox Donetsk, Xarkiv və Kyiv vilayətlərində zərər çəkib.

XS
SM
MD
LG