Accessibility links

BMT: Ukraynada 10 milyon insan ya məcburi köçkün, ya da qaçqın olub


Ukraynalı qaçqınlar Polşanın cənub-şərqində Przemısl qatar stansiyasında gözləyirlər, 11 mart 2022-ci il.

BMT-nin bildirdiyinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkədə 10 milyon insan ya məcburi köçkün olub, ya da Ukraynanı tərk edib.

“Dünyanın hər yerində müharibə aparanların məsuliyyətləri arasında evlərini tərk etməyə məcbur olan mülki əhalinin çəkdiyi əzablar da var. Ukraynada müharibə o qədər fəlakətlidir ki, 10 milyon insan qaçıb, ya ölkə daxilində, ya da xaricə qaçqın olaraq gedib”, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Twitter səhifəsində yazıb.

BMT-nin Uşaq Fondu UNICEF Rusiyanın Ukraynaya hücumunun humanitar yardım səylərinə mane olduğunu bildirib. “Ölkə daxilində bu, uşaqların böhranıdır. Xaricə qaçan uşaqlar üçün bu, uşaq böhranıdır. Bu, heyrət doğurur”, UNICEF rəsmisi BBC şirkətinə müsahibədə bildirib.

Mərkəzi Avropa ölkələrinin rəsmiləri bazar günü Ukraynadan sayı təxminən 3,5 milyon olan qaçqınların rahat yerləşdirilməsi imkanlarının tükəndiyi ilə bağlı narahatlıqlarını bildiriblər.

Washington Post qəzeti yazır ki, Ukraynadan 2 milyondan çox qaçqını qəbul etməkdə çətinlik çəkən Polşa dünyanın ən zəngin ölkələrini Ukraynanın bərpasına kömək etməyə çağırır.

BMT-nin Qaçqınlar üzrə Komissirlığının məlumatına görə, onların əksəriyyəti Polşa, Slovakiya, Rumıniya və Macarıstandakı sərhəd məntəqələrinə gəlib.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, mülki əhalinin cəbhəyanı əraziləri tərk edə bilməsi üçün bazar günü yeddi humanitar dəhliz açılacaq.

XS
SM
MD
LG