Accessibility links

ABŞ və BMT Talibanın əfqan qadınlarına qarşı "repressiv" fərmanlarını qınayır


Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan Talibanını yeniyetmə qızlar üçün məktəbləri dərhal açmağa çağırıb və de-fakto hakimiyyətin din və ya ənənəyə görə təhsil hüququnu inkar etmək üçün heç bir əsası olmadığını bildirib.

"Əfqanıstanda qızların və gənc qadınların təhsil hüququnun qeyri-qanuni olaraq dayandırılması təhsil sahəsində qlobal enişə səbəb olur və ölkənin gələcəyinə təsir edir", BMT-nin ekspertlər heyəti bazar ertəsi bildirib.

Bəyanatda qeyd olunub ki, Cənubi Asiya ölkəsində orta məktəblər bu həftənin sonunda, qış tətilindən sonra yenidən açıldığı üçün Talibanın qadınların təhsilinə qoyulan qadağanı ləğv etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur.

"Bunun əvəzində belə görünür, ardıcıl ikinci tədris ili üçün yeniyetmə qızların təhsili bərpa edilməyəcək" deyən BMT paneli Əfqanıstanın dünyada qızların və gənc qadınların təhsil almasına qadağa qoyulan yeganə ölkə olduğunu bildirib.

Bazar ertəsi 2022-ci il üçün İnsan Haqları Hesabatını təqdim edərkən ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonun Əfqanıstanda qadınlarının təhsilə və işə qoyduğu məhdudiyyətləri qınadığını bir daha təkrarlayıb.

Blinken deyib ki, Taliban rəhbərliyi əfqan qadınlara qarşı "amansızcasına ayrı-seçkilik və repressiyalar tətbiq edir". O qeyd edib ki, faktiki hakimiyyət indiyədək qadınların hərəkət azadlığını, təhsil və işləmək hüquqlarını məhdudlaşdıran 80 fərman verib.

"Mən sadəcə onu deyim ki, biz bu fərmanlara görə təəssüf edirik" - deyə, Blinken jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əfqan qadınların qeyri-hökumət təşkilatlarında işləmələrinə qadağa qoyulması yaşamaq üçün humanitar yardımdan asılı olan milyonlarla əfqanı "təhlükə qarşısına qoyur".

Taliban hakimiyyətə 2021-ci ilin avqustunda ABŞ və NATO qoşunlarının iyirmi illik müharibədən sonra Əfqanıstanı tərk etməsindən sonra qayıdıb.

Keçmiş üsyançı qrup o vaxtdan bəri İslam qanunlarını və ya şəriətin ciddi şərtlərini tətbiq edərək, 40 milyona yaxın əhalisi olan müharibə şəraitindəki ölkədə qadınların əksəriyyətini işləməsinə və altıncı sinifdən yuxarı qızların təhsil almasına qadağa qoyub.

Taliban qadağaları ləğv etmək çağırışlarını rədd edərək, onların yerli ənənələrə və şəriətə uyğun olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG