Ukrayna ordusu bildirir ki, Ukrayna ilə Rusiyanın işğal etdiyi Donetsk və Luqansk regionları arasındakı sərhədə artilleriya hücumlarının sayı azalıb, ancaq Moskva sərhəddə kütləvi sayda qoşunlar cəmləşdirməyə davam edir. Amerikanın Səsinin müxbiri Viktor Limar regiona səfər edib və oradakı insanların sülh istədiklərini, eyni zamanda isə müharibəyə hazırlaşdıqlarını görüb.
Ukraynanın şərqində Luqansk regionunun Zolotoe şəhərində ukraynalı əsgərlər keşik çəkirlər.
“Bəzən atışmalar olur. Mazğaldan baxsam, başıma güllə dəyə bilər,” Ukrayna əsgəri Oleksandr deyir.
Bu ərazidə mülki vətəndaşlar da yaşayır və orada atışmalar tez-tez baş verir. 70 yaşlı Aleksandra Gerasimova deyir ki, o buna öyrəşsə də, mal-qara öyrəşməyib.
“Qorxma Marusya, təlaş etmə! Heç kəs sənə zərər vurmayacaq. Bura bax – bu, 2017-ci ildə qırılıb. Bizim pəncərəmiz qalmamışdı. Biz yenilərini taxdırmalı olduq. Bunlar da qırılmışdı. Onlar da. Buraya raket düşəndən sonra, burda heç nə qalmamışdı,” Zolotoe sakini Aleksandra Gerasimova bildirib.
Nikolayın həyətinə bir neçə həftə öncə raket düşüb. Stanitsa Luqanskayanın sakini deyir ki, orada həm də minalar var.
“Onlar mina da yerləşdirirlər. Mən burada minaların kəndirlərini tapıram. Onların necə istifadə edildiyini dəqiq bilmirəm,” Nikolay deyir.
Ukrayna ordusu bildirir ki, qondarma Luqansk Xalq Respublikası təkcə Minsk sazişi deyil, həm də beynəlxalq konvensiyalar altında qadağan olunan piyada əleyhinə minalar yerləşdirir.
“Biz POMZ-2 piyada əleyhinə minanın yerləşdirildiyini görmüşük. Bu minalar Rusiya tərəfindən və qanunsuz militant qruplar tərəfindən istifadə olunur. Onlar təkcə bizim ordumuza deyil, həm də mülki vətəndaşlara qarşı istifadə olunur,” Ukrayna əsgəri Denis deyir.
Bir neçə həftə öncə Luqansk regionundakı Novozvanivka kəndi hücum və top atəşinə məruz qalıb. İndi isə orada nisbətən sakitlikdir, amma Ukrayna ordusu orada hərəkətin olduğunu görür.
“Onlar hərəkət etməyə başlayırlar. Biz onların ətrafda qorxmadan gəzdiklərini görə bilirik və mən son günlərdə hətta sursat daşıdıqlarını görürəm,” ukraynalı əsgər Viktor deyir.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları aktiv şəkildə təlim keçirlər. Onlar sərhəd yaxınlığında artilleriya bölmələri quraşdırıblar.
“Onlar müvəqqəti işğal olunmuş ərazilərdə yerləşən atış poliqonlarında artilleriya bölmələrinin hazırlığını gücləndiriblər,” Ukrayna Silahlı Qüvvələrindən Boqdan bildirib.
Ukrayna ordusu bildirir ki, onlar bir gün atış məntəqələrindəki topların onlara tərəf yönəldiyini görsələr təəccüblənməzlər. Amma onlar təlaş etmirlər və olacaqlara hazırdırlar.