ABŞ Şimali Koreyadan Rusiyaya silah daşınmasının təşkilinə çalışan və sanksiyalardan yayınma şəbəkəsi ilə əlaqəsi olan Rusiya, Qazaxıstan və Slovakiyanın üç şirkətinə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalar siyahısına Rusiyanın "Verus", Qazaxıstan "Defence Ingeneering" (Müdafiə Mühəndisliyi) və Slovakiyanın "Versor" şirkətləri daxildir. Bu üç şirkətin rəhbəri və ya sahibi Slovakiya vətəndaşı Aşot Mkrtıçevdir. Vaşinqton ona qarşı bu ilin mart ayında sanksiyalar tətbiq edib.
Nazirliyin məlumatına görə, Mkrtıçev Koreya Xalq Demokratik Respublikası və Rusiya rəsmiləri ilə danışıqlar zamanı xammal və malların müqabilində Rusiyaya iyirmi növdən çox silah və sursat da daxil olmaqla, bir sıra malların verilməsi planlarını müzakirə edib.
ABŞ Maliyyə Nazirliyinin daha əvvəl verdiyi bəyanatda "Bu adamın həyata keçirməyə çalışdığı sxemlər göstərir ki, Putin ən son təchizatçılara - İran və Şimali Koreya müraciət edir" deyilib.
Nazirlik Mkrtıçevin vasitəçiliyi ilə bağlanmış hər hansı əməliyyatın həyata keçirilib-keçirilmədiyini açıqlamayıb. Maliyyə Nazirliyi həmçinin xəbərdarlıq edib ki, sanksiyalar siyahısına daxil edilmiş şəxslərlə əməliyyatlar həyata keçirən şəxslər də ABŞ-ın sanksiyalarına məruz qala bilər.
2022-ci il noyabr ayının əvvəlində ABŞ Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-ə Şimali Koreyanın payızın əvvəlində Rusiyaya əhəmiyyətli miqdarda artilleriya mərmiləri göndərdiyini bildirmişdi. Bir gün sonra Dövlət Departamenti bu səbəbdən ABŞ-ın İrana qarşı tətbiq edilən sanksiyalara bənzər sanksiyalardan istifadə edəcəyini bəyan etmişdi.
Forum