Accessibility links

Urmiyədə dörd məhkum dar ağacından asılıb


İranda edamların azalmasına yol verəcək yeni qanun maddəsinin yaxın zamanlarda qüvvəyə minəcəyi gözlənilərkən, Urmiyə zindanında narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş dörd məhbusun edam edildiyi bildirilib.

İranda edamlara dair hesabatlar yayan İran HR qrupuna istinadən, Əsgər Rəncbər, Hidayət Şirzad, Hüseyn Başuqi və Əli Zari Urmiyə Mərkəzi Zindanında dar ağacından asılıblar.

İranda edamların azalmasına yol verəcək yeni qanun maddəsinin yaxında qüvvəyə girəcəyi prezident Ruhani tərəfindən elan edilib.

Urmiyə zindanında saxlanılan başqa bir məhbus isə keçən həftə edam edilib. 30 yaşında olan Tövhid Məhəmmədbağırlı qətl ittihamı ilə mühakimə edilmişdi.

Keçən bir neçə həftə ərzində İran Azərbaycanının digər şəhərləri, o cümlədən Xoy və Marağada da ən az biri əhaliyə açıq məkanda olmaqla, bir neçə edam hökmü icra edilib.

İranda edamların azalması məqsədilə “narkotik qaçaqmalçılığı ilə mücadilə qanununa” bir maddənin əlavə olunması İran Parlamentində qəbul edildikdən sonra, keçən aylarda Konstitusiyanı Qoruma Şurasında da təsdiq edilib.

Prezident Həsən Ruhani bu yaxınlarda yeni qanun maddəsinin icraya qoyulacağını elan etsə də, narkotik qaçaqmalçılığı ilə əlaqədar çıxarılmış edam hökmlərinin icrası dayandırılmayıb. Yayılan məlumata görə, bu maddənin gələn həftədən rəsmi olaraq qüvvəyə qoyulması gözlənilir.

Prezident Ruhani dönəmində edam hökmlərin icrası artıb
Prezident Ruhani dönəmində edam hökmlərin icrası artıb

Beynəlxalq insan haqları qurumları prezident Həsən Ruhaninin hakimiyyətə gəldməsindən sonra İranda həyata keçirilən edam hökmlərinin kəskin artdığını bildirirlər.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlardan olan müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayıb.

XS
SM
MD
LG