Accessibility links

Urmiyə millət vəkili: Qeyri-farsların aşağılanması qanun pozuntusu sayılsın


Ruhullah Həzrətpur, Urmiyə millət vəkili

Urmiyə millət vəkili Ruhullah Həzrətpur mart ayının 4-də İran parlamentindəki nitqində qeyri-fars qruplar, o cümlədən türkləri təhqir etməyin qanun pozuntusu sayılması istiqamətində lazımi qanunların tərtib olunmasını tələb edib.

İranın İslami Şura Məclisinin mətbuat orqanı “Millətin Evi” xəbər agentliyi Həzrətpurun məclis nitqinin videosunu veb səhifəsində nəşr edib.

Mən bir türk və hüquq təhsili almış bir millət vəkili kimi İranın etnik azlıqlarını aşağılamağın qanun pozuntusu sayılmasını tələb edirəm.
Ruhullah Həzrətpur, deputat

Millət vəkili nitqinin sonunda Azərbaycan vilayətləri, xüsusilə Urmiyə Gölü və Urmiyə şəhəri ilə əlaqəli problemlərdən söz edərək, “bölgə insanlarının kimliyinin aşağılanmasına” etiraz bildirib.

“Mən bir türk olaraq, həmçinin hüquq təhsili almış bir millət vəkili və məclisin hüquq və məhkəmə komissiyasının üzvü kimi, hörmətli millət vəkillərindən istəyirəm ki, iranlı etnik qruplar habelə onların mədəniyyət və dəyərlərinin aşağılanmasını qanun pozuntusu hesab etmək istiqamətində qanunların hazırlanması və tərtibi üçün addım atsınlar,” gənc siyasətçi məclis nitqində bəyan edib.

İran Azərbaycanında fəaliyyət göstərən mədəni fəallar təşkil etdikləri mitinqlər və sosial media kampaniyalarında İran mediasında gedən “anti-türk” təbliğatı tənqid edirlər. Keçən aylarda həmin istiqamətdə İran televiziyasının yayımladığı “Səttar Xan” serialı, həmçinin “Qanun” və “Şərq” qəzetlərində dərc olunan məqalələrə geniş təpkilər olub.

2015-ci ilin noyabrında Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetinin 400 tələbəsi İran televiziyasında türklərin aşağılanması ilə əlaqədar bəyanat imzalayaraq “etnik azlıqlara qarşı yürüdülən assimilyasiya və yabançılaşdırma siyasətinə son qoyulması” və “azlıqları təhqir etməyin İran qanunlarında cəzalandırıla biləcək qanun pozuntusu sayılmasını” tələb etmişdilər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG