Accessibility links

Urmiyə gölü qırmızı rəngə bürünüb


Urmiyə gölü qırmızı rəngə bürünüb
Urmiyə gölü qırmızı rəngə bürünüb

Yerli ekspertlərin fikrincə, Urmiyə gölü quruyarsa küləyin aparacağı duz İranda Şərqi və Qərbi Azərbaycan və onlara yaxın vilayətlərdə, Azərbaycan Respublikası, Türkiyə və Ermənistanda minlərlə hektar ərazini quruda bilər.

Urmiyə gölündə su səthinin rəngi dəyişərək qırmızı rəngə bürünüb. Yerli sakinlər buna təbiətin möcüzəsi kimi baxır. Bu barədə xəbərlər, filmlər və şəkillər Təbriz radiosu, televiziyası, qəzetlər, türk və fars dilində olan çoxsaylı bloqlarda yayılıb.

İran Azərbaycanından bir ətraf mühit mühafizəçisi “Amerikanın səsi” radiosuna bildirib ki, Urmiyə gölünün rənginin dəyişməsinə "Xalo Bakter" adlı bir bakteriyanın səbəb olduğuna inanır.

İranlı mütəxəsisin dediyinə görə, suyun şorluğu, hər litrdə 400 qramı keçəndə bu bakteriya əmələ gəlir və bunun nəticəsində suyun rəngi qan rənginə çevrilir.

Təbriz televiziyasının xəbərində isə iddia edilib ki, suyun qırmızı rəngə boyanmasına gölün dibindəki yosunlar səbəb olub. Televiziyanın məlumatına görə, bu yosunlar həm insanlar, həm də heyvanlar üçün zərərlidir. Bir sıra mütəxəsislər bu məlumata qarşı çıxıb. Onlar hesab edir ki, bir litr suda 400 qram duz olarsa, göldə heç bir heyvan və ya bitki yaşaya bilməz. Elə buna görə də İranlı mütəxəsislər, Urmiyə gölünün ölü gölə çevrildiyini deyir.

Əvvəllər, göldə kiçik bir canlı yaşayırdı. Beynəlxalq mütəxəsislər həmin canlını "Urmiya Artimiya" adlandırırdı. İranlı mütəxəsisin verdiyi məlumata əsasən, suyun şorluğu Artimiyaları da duza döndərib. Artıq göldən quşlar da gedib. "Hər il 60.000 Flaminqo (Qızıl qaz) bu gölə gələrdi. Amma indi onların sayı sıfıra bərabərdir və göldə canlı qalmayıb", - deyə ətraf mühit mühafizəçisi qeyd edib. Xatırladaq ki, bir müddət öncə Urmiyə gölünün quruyacağı ilə bağlı məlumatlar yayılmışdı. Mütəxəsislər hesab edir ki, durum belə davam edərsə, gölün quruması təhlükəsi realdır.

Yerli ekspertlərin fikrincə, Urmiyə gölü quruyarsa, hövzədəki milyonlarla ton duzun gün qabağında qalması "Yon Kulor" adlanan maddənin əmələ gəlməsinə səbəb ola bilər. Yon Kulor buludların yaranmasına mane olur. Bu isə yağışın yağmayacağı deməkdir. “Şərqi və Qərbi Azərbaycandan əlavə, Türkiyə, Azərbaycan Respublikası və Ermənistan da eyni təhlükə ilə üz-üzə qalacaq. Belə ki, küləyin aparacağı duz bu ölkələrdə minlərlə hektar yaşıllıqları quruda bilər”, - deyə İranlı ekspert “Amerikanın səsi” radiosuna bildirib.

Bir neçə il əvvəl Urmiyə və Şadigan göllərində araşdırma aparılması üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) 7 milyon dollar və İran dövləti isə 14 milyon dollar vəsait ayırmışdı. Mütəxəsislər iddia edir ki, artıq tədqiqatlar başa çatıb, amma İran hökuməti elə bir ağır maliyyə durumundadır ki, problemin həlli üçün bir iş görəcəyi mümkün deyil. Urmiyə İranda ən iri göldür. Göl İranın Şimal - qərbində, Şərqi və Qərbi Azərbaycan ustanlarının sərhəddində yerləşir.



XS
SM
MD
LG