Accessibility links

ABŞ Qəzzaya havadan yardım göndərib


ABŞ rəsmiləri deyir ki, Birləşmiş Ştatlar ordusu Qəzzaya havadan ərzaq yardımı paylayıb. Bu, prezident Co Baydenin təsdiqlədiyi təcili humanitar yardımın birinci mərhələsidir.

Fələstinlilər sosial mediada ABŞ-ın C-130 karqo təyyarəsinin atdığı yardım qutularını göstərən videolar paylaşıb. Humanitar əməliyyatın ilkin mərhələsində anklava 35 mindən çox yemək və yardım ləvazimatları atılıb. Birləşmiş Millətlər Təşkilatı əhalinin dörddə birinin aclığın astanasında olduğu barədə xəbərdarlıq edir.

Ağ Ev bildirib ki, havadan yardım çatdırmaq davamlı səydir və İsrail bu əməliyyatı dəstəkləyir.

İordaniya və Misir orduları bildirib ki, onlar da havadan yardım çatdırıb.

Bayden humanitar əməliyyatı ən azı 115 fələstinlinin cümə axşamı çatdırılan yardım karvanından ləvazimat almaq üçün toplaşdığı vaxtda öldürülməsindən sonra təsdiqləyib. HƏMAS-ın idarə etdiyi Qəzzada Səhiyyə Nazirliyinin məlumatına görə, bu xaotik insident nəticəsində yüzlərlə insan xəsarət alıb.

İsrail əsgərləri və Qəzzanın şimalında yardım axtaran insanların cəlb olunduğu insidentdən bir gün sonra suallar davam etdiyi üçün beynəlxalq araşdırma çağırışları artıb.

BMT-nin baş katibi Antonio Quterreş cümə günü deyib ki, dəhşətli hadisənin səbəblərini və kimin məsuliyyət daşıdığını anlamaq üçün “effektiv müstəqil araşdırma”ya ehtiyac var. Ağ Evin sözçüsü də həmçinin deyib ki, “hadisə hərtərəfli araşdırılmalıdır.”

Fələstinli şahidlər İsrail əsgərlərini yaxınlaşan karvandan yardım toplamaq üçün gözləyən insanlara atəş açmaqda ittiham ediblər. İsrail bunu təkzib edir və onlarla insanın bir-birini tapdaladığını və oradan qaçan yük maşınlarının altında qaldıqlarını bildirir. Ordunun sözçüsü bildirib ki, əsgərlər sadəcə olaraq insanları dağıtmaq üçün “bir neçə dəfə xəbərdarlıq atəşi” açıb.

“İsrail Müdafiə Qüvvələri tərəfindən yük karvanına atəş açılmayıb,” sözçü kontr-admiral Daniel Haqari cümə axşamı X sosial media platformasında paylaşdığı videoda deyib. Onun sözlərinə görə, İsrail tankları 38 yük maşınından ibarət özəl karvanın keçməsi üçün humanitar dəhlizin təhlükəsizliyini təmin etmək üçün orada olub.

BMT-də fələstinli nümayəndə Riyad Mənsur insidenti “dəhşətli qırğın” adlandırıb.

“Bizdə olan məlumata əsasən, onlarla insan başından güllə ilə vurulub,” o müxbirlərə cümə axşamı hadisə yerində olan insanlara istinadən deyib. “Bu, çaşqınlıq və xaos var idisə, insanları cilovlamaq üçün havaya atəş açmaq deyil. Bu, qəsdən hədəf alıb, öldürmək olub.”

Beynəlxalq reaksiya

Avropa İttifaqının diplomatik xidməti şənbə günü insidentlə bağlı beynəlxalq araşdırmanın aparılmasına çağırıb.

Avropa Xarici Hərəkət Xidməti böhrana görə “İsrail ordusunun tətbiq etdiyi məhdudiyyətləri və zorakı ekstremistlərin humanitar yardım təchizatına maneələri”ni günahlandırıb.

Fransa Prezidenti Emmanuel Makron atəş açılmasını qınayıb və deyib ki, dinc əhali qorunmalıdır. O, təcili humanitar atəşkəsə çağırıb.

“Təcili araşdırma və cavabdehlik olmalıdır,” Britaniya xarici işlər naziri Deyvid Kameron bəyanatında deyib. “Bu, bir daha baş verməməlidir.”

Kameron deyib ki, İsrail qəzzalılara “əhəmiyyətli dərəcədə daha çox humanitar yardımın” çatmasını təmin etməlidir. O, hökuməti Qəzzaya daha çox keçid açmağa və büroktatik əngəlləri aradan qaldırmağa çağırıb.

Almaniyanın xarici işlər naziri xəbərlərlə bağlı şokunu ifadə edib.

“İsrail ordusu kütləvi panika və güllələnmənin necə baş verdiyini tam şəkildə izah etməlidir,” Annalena Baerbok cümə günü X-də bildirib. O da həmçinin mülki şəxslər arasında itkilərin olmaması, HƏMAS tərəfindən saxlanılan girovların sərbəst buraxılması və yardımın təhlükəsiz şəkildə çatdırılması üçün atəşkəsə çağırıb.

Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib ki, o “Qəzzadan gələn görüntülərdən çox narahatdır” və X-də paylaşdığı postda bildirib ki, “baş verənləri araşdırmaq üçün hər cür səy göstərilməlidir.”

Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniya İsrail qüvvələrini yardımın çatdırılmasını gözləyən fələstinlilərə atəş açdıqlarına görə qınayıb.

Türkiyə xarici işlər naziri İsraili “aclıqdan Qəzzada müharibə silahı” kimi istifadə etməkdə ittiham edib və deyib ki, cümə axşamı baş verən insident “insanlığa qarşı daha bir cinayətdir.”

Bayden cümə axşamı ölümlə nəticələnən karvan insidentinin HƏMAS-ın saxladığı girovları azad etmək və altı həftəlik atəşkəs əldə etmək üçün aparılan danışıqlara ziyan vurması ilə bağlı narahatlığını ifadə edib.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, ən son hadisə ilə beş aydır davam edən müharibədə fələstinlilər arasında ölüm halları 30 mini, yaralıların sayı isə 71 mini keçib.

Forum

XS
SM
MD
LG