Accessibility links

ABŞ səfiri işgəncəyə məruz qaldığı bildirilən müxalif fəal ilə görüşüb


US Ambassador Lee Litzenberger, opposition activist Tofig Yagublu and lawyer Nemat Karimli
US Ambassador Lee Litzenberger, opposition activist Tofig Yagublu and lawyer Nemat Karimli

Fevralın 11-də Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu və onun vəkili Nemət Kərimli ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerlə görüşüb. ABŞ-ın Azərbaycandakı Səfirliyində keçirilən görüş bir saatadək davam edib.

Tofiq Yaqublu Amerikanın Səsinə bildirib ki, görüş çox maraqlı və səmərəli olub.

“Səfirliyin ötən il dekabrın 1-də polisin mənə qarşı törətdiyi vəhşiliyini ilk andan diqqətlə izlədiyini bildirən cənab səfir, məndən və Nemət bəydən bu haqda əlavə məlumatlar aldı. Bundan əlavə ölkədəki ictimai-siyasi vəziyyət haqqında geniş fikir mübadiləsi apardıq,” Yaqublu qeyd edib.

Tofiq Yaqublu ötən ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində (Bakıdan 60 kilometr qərb) tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu bildirir ki, onu polislər döyüb.

Tofiq Yaqublu 1 dekabr aksiyası zamanı
Tofiq Yaqublu 1 dekabr aksiyası zamanı

Daxili İşlər naziri Vilayət Eyvazov Yaqublunu polislərin döyməsini istisna edib.

Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib.

"Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq," hüquq müdafiəçisi qeyd edib.

Yaqublu dekabrın 3-də Səbail rayon Prokurorluğunda işgəncələrə məruz qalması ilə bağlı 4 saat 30 dəqiqə ifadə verib.

Prokurorluq bildirib ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib.

Tofiq Yaqublu aksiyadan sonra
Tofiq Yaqublu aksiyadan sonra

Human Rights Watch təşkilatı bildirib ki, Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib.

“Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da olub. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch qeyd edib.

Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı operativ, qərəzsiz və hərtərəfli araşdırma aparmalı və sui-istifadələrə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməlidir”.

Tofiq Yaqublu bundan öncə müxtəlif ittihamlarla bir neçə dəfə həbsdə olub. O, siyasi sifarişlə həbs edildiyini dəfələrlə deyib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri təkzib edir.

XS
SM
MD
LG