Accessibility links

ABŞ Ukraynaya müdaxiləsi səbəbilə Putinə sanksiyalar tətbiq edir


Vladimir Putin
Vladimir Putin

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ hökuməti Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə şəxsi sanksiyalar tətbiq edir.

Dövlət başçılarına qarşı sanksiyalar müstəsna hallarda tətbiq edilən bir tədbirdir.

Rusiya Təhlükəsizlik Şurasının üzvləri də sanksiyalara məruz qalacaq.

Daha əvvəl CNN öz mənbələrinə istinadən sanksiyaların ehtimalı barədə məlumat vermişdilər. ABŞ prezidenti Co Bayden daha öncə bildirmişdi ki, ABŞ hökuməti Rusiya prezidentinə qarşı şəxsi sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

Bir neçə saat əvvəl Avropa İttifaqının Xarici İşlər Şurası Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyalar paketini qəbul edib. Bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Twitter hesabında yazıb.

Daha oncə Reuters agentliyi Avropa İttifaqının 27 üzvünün nümayəndələrinin Putin və Lavrovun şəxsi aktivlərinin dondurulması ilə bağlı razılığa gəldiklərini bildirmişdi. "Biz bacardığımız qədər tez hərəkət edirik," xəbər agentliyinin mənbəsi bildirib.

Avropa İttifaqı daha əvvəl Ukraynaya müdaxilə etdiyinə görə Rusiyaya qarşı sanksiyalar paketini təsdiqləyib. Sanksiyalar Rusiyanın bank sektorunun 70 faizi və hərbi sənayesi də daxil olmaqla, iri dövlət şirkətlərini hədəf alır.

Avropa İttifaqı həmçinin neft ixracını qadağan etməyi və “Rusiyanın neft emalı zavodlarını təkmilləşdirməsini qeyri-mümkün etməyi" planlaşdırır.

Britaniya da Putin və Lavrova qarşı şəxsi sanksiyalar tətbiq edir. "Dünya əmin olmalıdır ki, prezident Putin bu təcavüz aktında uğursuzluğa düçar olacaq" - deyə, Britaniyanın Baş naziri Boris Conson bildirib. Onun sözlərinə görə, indi Rusiya ilə münasibətlərin normallaşmasından söhbət gedə bilməz.

Bundan əlavə, Avropa İttifaqı Rusiya hava şirkətlərinə təyyarə və aviasiya avadanlıqlarının satışına qadağa qoyacaq. Sanksiyalar paketi eləcə də Rusiyaya yarımkeçiricilərin və proqram təminatının satışını məhdudlaşdırmağı nəzərdə tutur. Rusiyadan olan diplomatlar və iş adamları artıq prioritet olaraq Avropa İttifaqının vizalarını ala bilməyəcək.

Böyük Britaniya, ABŞ, Kanada, Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib, Çexiya, Latviya və Litva isə rusiyalılara viza verilməsini dayandırıb.

XS
SM
MD
LG