Accessibility links

“ABŞ-Azərbaycan Əlaqələri:Gələcəyə Baxış” mövzusunda konfrans işinə başlayır


Təşkilatçılar konfransın ABŞ və Azərbaycan arasında siyasi, mədəni və işgüzar əlaqələrin daha da gücləndirlməsi üçün bir imkan olacağına ümid bəslədiklərini bildirir

Vaşinqtonda “ABŞ-Azərbaycan Əlaqələri:Gələcəyə Baxış” mövzusunda iki gün sürəcək konfrans bu gün işinə başlayır.

Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi münasibətilə keçirilən konfransda əsas diqqət iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərinə yönələcək. Konfransın sessiyalarında ABŞ və Azərbaycan arasında 20 il ərzində tərəfdaşlıq təcrübəsi, iki ölkə arasında münasibətlərin əsas istiqamətləri və Xəzər hövzəsində enerji təhlükəsizliyi, Azərbaycanın misalında tolerantlığın inkişaf edirilməsi və mədəniyyətlərarası dialoq mövzuları müzakirə ediləcək.

Konfransa Azərbaycan və ABŞ tərəfdən yüksək səviyyəli nümayəndələr qatılıb. Tədbirin təşkilatçılarından biri olan Bakı-Hyüston qardaşlaşmış şəhərlər assosiasiyasının prezidenti İradə Axundovanın Amerikanın səsinə verdiyi məlumata görə, konfransda ABŞ və Azərbaycan tərəfdən siyasi liderlər, biznes sektorunun təmsilçiləri, ABŞ-ın yerli və federal hökumətinin nümayəndələri iştirak edir.

Azərbaycan nümayəndə heyəti ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Diplomatik Akademiyasının rektoru, səfir Hafiz Paşayev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan parlamentinin deputatları ilə təmsil olunub. Bu gün konfransın ilk iclasında Luiziana ştatının qubernatoru Bobbi Jindal iştirak edəcək.

Təşkilat komitəsinin yaydığı bəyanatda deyilir ki, diplomatik əlaqələrin 20 ili ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında mühüm sahələrdə güclü əməkdaşlıq münasibətləri yaranmışdır. Təşkilatçılar konfransın ABŞ və Azərbaycan arasında siyasi, mədəni və işgüzar əlaqələrin daha da gücləndirlməsi üçün bir imkan olacağına ümid bəslədiklərini bildirir. Konfransın rəsmi veb səhifəsində Azəbaycanla tanışlıq məqsədilə qısa sənədli filmlər yerləşdirilib.

Tədbir qərargahı Hyüstonda yerləşən amerikalılar və avrasiyalarının şurası TCAE, ABŞ Azərbaycanlıların şəbəkəsi USAN və Cons Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institutu tərəfindən təşkil edilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG