Cümə günü səhər Ağ Ev Prezident Co Baydenin bəyanatını açıqlayıb. Bəyanatda deyilib ki, “Birləşmiş Ştatlar Rusiyanın suveren Ukrayna ərazisini ilhaq etmək üçün bugünkü saxtakarlıq cəhdini pisləyir. Bu, beynəlxalq hüququ, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozur və “sülhsevər xalqlara nifrətini nümayiş etdirir”.
“Heç kəs buna aldanmasın: bu addımların legitimliyi yoxdur. Birləşmiş Ştatlar Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə həmişə hörmətlə yanaşacaq. Biz ABŞ-ın bu həftə elan etdiyi əlavə 1,1 milyard dollarlıq təhlükəsizlik yardımı da daxil olmaqla, Ukraynanın mövqeyini hərbi və diplomatik cəhətdən gücləndirməklə, onun öz ərazilərinə nəzarəti bərpa etmək səylərini dəstəkləməyə davam edəcəyik” Prezidentin bəyanatında deyilib.
Sənəddə Vaşinqtonun hazırda Moskvaya qarşı yeni sərt sanksiyalar tətbiq etməsinə də diqqət çəkilir.
"Rusiyanın ilhaqla bağlı yalan iddialarına cavab olaraq, ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu gün yeni sanksiyalar elan edir. Biz beynəlxalq ictimaiyyəti bu addımları pisləmək və Rusiyanı məsuliyyətə cəlb etmək üçün bir araya gətirəcəyik. Rusiyanın həyasızcasına qonşusunun sərhədlərini yenidən cızmaq cəhdlərinə baxmayaraq, biz Ukraynanı özünü müdafiə etməsi üçün lazım olan texniki vasitələrlə təmin etməyə davam edəcəyik. Və mən Konqresin Ukraynaya dəstək üçün əlavə 12 milyard dollar ayıracaq qanunu imzalamasını səbirsizliklə gözləyirəm” Baydenin bəyanatında deyilir.
ABŞ Prezidenti sonda “beynəlxalq ictimaiyyətin bütün üzvlərini Rusiyanın qeyri-qanuni ilhaq cəhdlərini rədd etməyə və lazım olan müddətdə Ukrayna xalqını dəstəkləməyə” çağırıb.