Accessibility links

ABŞ və Britaniya HƏMAS-ın maliyyə əməliyyatlarına yardım edənlərə qarşı yeni sanksiyalar tətbiq edib


Birləşmiş Ştatlar və Britaniya Qəzzaya nəzarət uğrunda İsrail qüvvələrinə qarşı döyüşən HƏMAS militantlarına maliyyə dəstəyini hədəfləyən sanksiyaların dördüncü raundunu çərşənbə günü tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, yeni sanksiyalar Türkiyədə və başqa yerlərdə HƏMAS-ın maraqlarını xaricdə təmsil edən və maliyyələşməsini idarə edən 8 şəxsə qarşı yönəlib.

"HƏMAS qrupunun xeyrinə maliyyə toplama kampaniyalarını və qeyri-qanuni gəlirlərni yüksək səviyyəli məmurlar və filiallardan ibarət şəbəkələrdən istifadə edərək, istiqamətləndirir və bu, onun Qəzzada hərbi fəaliyyətlərinə yönəlir" - deyə, maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri Brayan Nelson bildirib.

Nazirlik HƏMAS-ın Türkiyədəki əsas maliyyə əməliyyatçılarından birinin Harun Mənsur Yaqub Nasir Əl-Din olduğunu müəyyən edərək, onun Türkiyə və Qəzzadan İordan çayının qərb sahilindəki Hebron şəhərindəki HƏMAS komandanlıq mərkəzinə pul köçürdyünü iddia edib.

Sanksiyalar HƏMAS-ı maliyyələşdirənlərin ABŞ-da saxlaya biləcəyi hər hansı aktivlərini dondurur və onların gələcəkdə Amerika və Britaniya maraqları ilə əməliyyatlarına mane olur.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə 1200 nəfərin ölümünə səbəb olan və 240-a yaxın insanı girov götürməsi ilə nəticələnən hücumundan sonra ABŞ və Britaniya daha üç raund sanksiya tətbiq etmişdi. Qəzzada HƏMAS-ın hakimiyyətinə son qoymağa cəhd edən cavab hücumunda İsrail Aralıq dənizi sahilindəki dar ərazidə 18 mindən çox insan öldürüb.

Həm ABŞ, həm də Britaniya HƏMAS-ı terror qruplaşması kimi tanıyır.

Forum

XS
SM
MD
LG