Amerika Pediatriya Akademiyasının (AAP) dərc etdiyi yeni araşdırmaya görə, Birləşmiş Ştatlarda uşaqların silahlarla ölümləri rekord həddə çatıb.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin ölümlərlə bağlı məlumat bazasından istifadə edərək, Amerika Pediatriya Akademiyasının Pediatriya jurnalında bazar ertəsi dərc edilən araşdırmasında deyilir ki, 2021-ci ildə 4752, 2020-ci ildə 4368, 2019-cu ildə isə 3390 uşağın silahlarla əlaqəli xəsarətlərdən öldüyü təsbit edilib.
Silah zorakılığı 2020-ci ildən bəri ABŞ-da uşaq ölümünün 1-ci səbəbidir.
Tədqiqatın nəticələri Tennessi ştatı qanunvericilərinin bu ilin əvvəlində Naşvil məktəbində üç uşaq və üç müəllimin ölümü ilə nəticələnən silahlı hücumdan sonra ictimai təhlükəsizliklə bağlı xüsusi sessiya açdığı zaman dərc edilib.
Tədqiqatda iştirak etməyən Cənubi Karolinadan pediatr və silah zorakılığının qarşısının alınması üzrə tədqiqatçı Ann Endryus "Mən heç vaxt ağlıma gətirməzdim ki, güllə deşikləri olan bu qədər uşağa baxım" deyib.
"Məsələ burasındadır ki, bu ölkədəki hər bir uşaq xəstəxanasının reanimasiya şöbələrində odlu silahlardan xəsarət alan uşaq var" - deyə, o bildirib.
Tədqiqat onu da göstərib ki, qaradərili uşaqlar odlu silahlarla törədilən qətllərin təxminən 67%-ni, ağdərili uşaqlar isə silahla intiharların təxminən 78%-ni təşkil edir.
Naşvil atışmasında öldürülən müəllimlərdən ikisini tanıyan Tennessi qubernatoru Bill Li xüsusi sessiyada qanunvericilərdən odlu silahları təhlükəli hesab edilən insanların əlindən uzaq tutmağa yönəlmiş "qırmızı bayraq" qanunlarını gücləndirməyi xahiş edib. Lakin o, Nümayəndələr Palatasına nəzarət edən Respublikaçı həmkarlarının müqaviməti ilə üzləşib.
Forum