ABŞ Konqresinin Ukraynaya yeni yardım paketi ilə bağlı qərar qəbul etməsi üçün vaxtı getdikcə daralır.
Senatorlar həftəsonu Respublikaçıların dəstəyi müqabilində sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsi ilə bağlı razılıq əldə etməyə çalışıb.
Demokratların Senatdakı çoxluğunun lideri Çak Şumer danışıqların vaxt aparacağını etiraf edib.
"Hamı bilir ki, pozulmuş immiqrasiya sistemimizi düzəltmək üçün nəsə etmək lazımdır. Lakin biz bu prosesdə dəyərlərimizlə güzəştə gedə bilmərik. Orta yol tapmaq çox çətindir və hər iki tərəf güzəştə getməli olacaqlarını qəbul etməlidir. Bu, bir az daha çox vaxt aparacaq" - deyə, Şumer bazar ertəsi bildirib.
Senatdakı azlığın lideri Mitç Makkonnell razılaşmanın tezliklə əldə edilə bilməyəcəyinə işarə edərək deyib ki, "həmkarlarımızın qarşıdan gələn həftələr və ondan sonrakı dövrdə danışıqlarda davamlı irəliləyiş əldə etməyə çalışması məni ruhlandırır".
2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri ABŞ Ukraynanı silahlandırmaq və dəstəkləmək üçün artıq 100 milyard dollardan çox vəsait ayırıb və prezident Co Bayden Konqresdən əlavə 60 milyard dollar istəyib.
Lakin Konqresdəki Respublikaçılar Ukraynanın müdafiəsinə dəstəyin davam etdirilməsinə getdikcə şübhə ilə yanaşır.
Son həftələr Senatdakı Respublikaçılar Ukraynaya əlavə maliyyə yardımının təsdiqini immiqrasiya qaydalarının sərtləşdirilməsi ilə əlaqələndirir.
Onların fikrincə, bu qaydalar cənub sərhədindən ABŞ-a daxil olan insanların sayını azaltmağa və artıq ölkədə olanların bir qismini ölkədən çıxarmağa yönəldilməlidir.
Hər iki partiyadan olan bir qrup qanunverici Bayden administrasiyasının rəsmiləri ilə iki tərəfin də kifayət qədər dəstəkləyəcəyi bir razılaşma əldə etməyə çalışır.
Senat ilin son iclasını dekabrın 14-də keçirməli idi. Lakin danışıqların davam etdirilməsi üçün cədvəl dəyişdirilib. Nümayəndələr Palatası ilin sonuna qədər fasilə versə də, razılaşma əldə olunarsa, səsvermə üçün yenidən toplaşa bilər.
Bununla belə, bazar ertəsi səhər heç bir razılığın əldə olunmadığı məlum olub və belə görünür səsvermənin keçirilməsi ehtimalı da getdikcə azalır.
Razılıq Senat tərəfindən təsdiqlənsə belə, Respublikaçıların çoxluğa sahib olduğu Nümayəndələr Palatasında çox güman ki, uğursuzluğa düçar olacaq.
Respublikaçı konqresmenlərin əhəmiyyətli bir qrupu Ukraynaya əlavə yardımın əleyhinədir və partiya məsələ ilə bağlı Demokratlarla işləyən spikeri bu yaxınlarda vəzifəsindən uzaqlaşdırıb.
Forum