Accessibility links

ABŞ Ukraynaya milyardlarla dollarlıq əlavə yardımı nəzərdən keçirir


Konqresdə Demokratlar Prezident Co Baydenin tələb etdiyi 33 milyard dollarlıq Ukraynaya yardım paketini 40 milyard dollara çatdıracaq plan hazırlayırlar. Nümayəndələr Palatası bununla bağlı çərşənbə axşamı səs verə bilər. Bu barədə qanunvericilərin fikirləri ilə yaxından tanış olan iki nəfər məlumat verib.

Prezident Co Bayden Nümayəndələr Palatasında keçiriləcək səsvermədən öncə administrasiyasının Pentaqonun ehtiyatlarından silah və digər hərbi texnika göndərmək səlahiyyətini “demək olar tükətdiyini” bildirib.

Dövlət katibi Antoni Blinken və Müdafiə Naziri Lloyd Austin qanunvericilərə məktub göndərərək oxşar tələb irəli sürüblər və onları mayın 19-da hazırkı ehtiyatlar tükəndiyi zamana qədər tədbir görməyə çağırıblar.

Bayden geri çəkilərək, paketə COVID-19 ilə mübarizə üçün tələb etdiyi əlavə milyardlarla dolların daxil olmamalı olduğunu bildirib. Qanun layihəsinin təsdiq olunması üçün təsdiqi gərək olan və Senatda yerlərin yarısına malik olan Respublikaçlılar COVID-19 ilə mübarizə üçün nəzərdə tutulan pulun Ukraynaya yardım paketinə əlavə olunmasına qarşı çıxır.

“Biz bu mühüm müharibə səyini gecikdirə bilmərik,” Bayden yazılı bəyanatında bildirib. “Ona görə də, mən bu iki tədbirin ayrı səsə qiyulmasına hazıram ki, Ukraynaya yardım pakektinə mənim masama tez gəlib çatsın,” o qeyd edib.

Senatda azlıq lideri Mitç Makkonnel bazar ertəsi deyib ki, nəzərdən keçirilən yeni tədbirə “proses zamanı bəzi düzəlişlər edilə bilər,” və o diqqəti “qanun layihəsini tez bir zamanda qəbul etməyə” yönəldib.

Bayden bazar ertəsi ayrı bir qanun layihəsini imzalayıb. Bu qanun layihəsi ona Ukraynaya İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasına qarşı mübarizə aparan Avropa ölkələrinə yardım edən qanuna bənzər proqram çərçivəsində Ukraynaya hərbi texnika və təchizat göndərilməsini sürətləndirmək səlahiyyəti verir.

Bu yeni tədbir ABŞ liderinə Vaşinqtonda hazırkı bəzi çətin bürokratik qaydalardan yan keçərək, Ukrayna və digər Şərqi Avropa ölkələri ilə avadanlığın tədarükü ilə bağlı tez razılaşmalar əldə etmək səlahiyyəti verir.

Konqres siyasi cəhətdən bölünmüş Vaşinqtonda nadir bir addım ataraq, ötən ay Rusiya qüvvələrinə qarşı döyüşən Kyiv hökumətinə davamlı dəstək nümayişi olaraq qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi çıxışında bildirib ki, tarix Rusiyanı Ukraynadakı hərəkətlərinə görə cavabdeh tutacaq və Avropa “Avropaya yenidən total müharibə bəlasını gətirdiyinə” görə Rusiyanın ödəyəcəyi bədəli nəzərdən keçirməlidir.

“Biz ukraynalılar isə müdafiəmiz, qələbəmiz və ədalətin bərpası uğrunda işləməyə davam edəcəyik. Bu gün, sabah və Ukraynanı işğalçılardan azad etmək üçün lazım olan hər bir gün,” Zelenski deyib.

BMT-nin Ukraynada insan hüquqlarını müşahidə missiyasının başçısı Matilda Boqner çərşənbə axşamı müxbirlərə deyib ki, onun idarəsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri 7000 mülki vətəndaşın xəsarət aldığını, onlardan 3381-nin öldüyünü təsdiqlədiyi, amma həqiqi rəqəmlərin daha yüksək olduğunu bildirib.

“Biz təxminlər üzərində işləyirik, amma mən hələ deyə bilərəm ki, onlar bizim sizə verdiyimiz rəqəmlərdən minlərlə daha yüksəkdir,” Boqner Cenevrədə mətbuat konfransında tələfat və xəsarətlərlə bağlı suala cavabında bildirib. “Ən böyük qara dəlik Mariupoldur. Bizim orada tam çıxış əldə etməyimiz və tam təsdiqlənmiş məlumat almağımız çətindir,” o deyib.

O bildirib ki, dinc əhali arasında tələfatlar və mülki ərazilərə dəyən zərər fərq qoymadan edilən hücumlara qoyulan qadağaların və mülki şəxslərə zərər verməmək üçün tədbir görülməsi tələbinin pozulduğuna işarə edir.

Boqner deyib ki, BMT Rusiya qüvvələrinin vəhşiliklər törətməkdə günahlandırıldığı Buçada 300 qanunsuz qətl barədə məlumat alıb.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok çərşənbə axşamı Ukraynaya gözlənilməz səfər edib və səfər çərçivəsində Buçanı ziyarət edib.

Baerbok dəstək nümayiş etdirmək üçün Ukraynaya səfər edən ən son beynəlxalq fiqurdur. Ondan öncə bazar günü ABŞ-ın birinci ledisi Cill Bayden və Kanadanın baş naziri Castin Trudo da Ukraynaya ayrı-ayrı səfər ediblər.

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Ukraynaya hərbi müdaxiləsinə görə Qərb ölkələrini günahlandırıb və deyib ki, Rusiya “sərhədlərimiz yaxınlığında tamamilə qəbuledilməz təhlükəyə” cavab olaraq hərəkət edib.

Ancaq Rusiya lideri Moskvanın hərbi kampaniyasında nə hər hansı dəyişiklik, nə də qələbə elan edib və 10 həftədir davam edən hərbi müdaxiləsinin ölkənin şərqində Ukrayna istehkamlarına hücumlarla davam edəcəyinə işarə edib.

Putin Qırmızı meydanda Qələbə günü münasibətilə keçirilən hərbi paradda çıxış edib. O, Rusiyanın fevların 24-də başladığı hərbi müdaxilədən öncəki aylarda qonşusuna hücum etmək niyyətinin olmadığında israr etməsinə baxmayaraq irəli sürdüyü təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərindən bəhs edib.

ABŞ və NATO liderləri həftələr öncə bir neçə dəfə Rusiya rəsmiləri ilə görüşüblər, amma Ruisyanın müəyyən tələblərini, o cümlədən Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağına dair vədi rədd ediblər.

“NATO ölkələri bizi dinləmək istəmədi, yəni onların, faktiki olaraq, tamamilə başqa planları var idi və biz bunu gördük,” Putin bazar ertəsi deyib. “Donbasda növbəti cəza əməliyyatına, Krım da daxil olmaqla tarixi torpaqlarımızın işğalına açıq şəkildə hazırlıq gedirdi,” o əlavə edib.

XS
SM
MD
LG