Accessibility links

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi: Etirazlar, dronların satışı Vaşinqtonun diqqət mərkəzindədir


İran üzrə xüsusi nümayəndəsi Robert Malli
İran üzrə xüsusi nümayəndəsi Robert Malli

Vaşinqtonun İran üzrə xüsusi nümayəndəsi bazar ertəsi bildirib ki, İranın etirazçılara qarşı sərt tədbirləri və Rusiyaya pilotsuz təyyarələr satması Birləşmiş Ştatların diqqətini Tehranın indiyədək rədd etdiyi nüvə sazişini bərpa etməkdən yayındırıb.

Parisdə jurnalistlərə açıqlama verən Robert Malli Birləşmiş Ştatların "vaxt gəldikdə" diplomatiyanı bərpa etmək üçün qapını açıq qoyacağı, lakin hələlik Vaşinqtonun sanksiyalar və təzyiq siyasətini davam etdirəcəyində israr edib.

İran və dünya qüdrətləri arasında 2015-ci ildə əldə edilmiş razılaşmanı canlandırmaq üzrə danışıqlar sentyabr ayından bəri dalana dirənib. Qərb dövlətləri İranı bütün tərəflərin razılaşmaya yaxın olduğu göründükdən sonra əsassız tələblər irəli sürməkdə ittiham edir.

"Əgər bu danışıqlar baş tutmursa, bu, İranın mövqeyinə və [sentyabrdan] bəri baş verənlərə görədir" – deyə, Malli bildirib.

"Bizim diqqətimiz irəli getməyən bir razılaşma deyil, İranda baş verənlər...bu xalq hərəkatı və rejimin etirazçılara qarşı amansız repressiyalarına, İranın Rusiyaya hərbi dronlar satması... və girovlarımızın azad edilməsinə yönəlib," o, İranda saxlanılan üç Amerika vətəndaşına istinad edərək bildirib.

Sentyabr ayında 22 yaşlı Məhsa Əmininin polis nəzarətində olarkən ölümü ilə bağlı hökumət əleyhinə etirazlar başlayıb. Aİ, ABŞ, Kanada və Böyük Britaniya İranda insan haqlarının pozulması, habelə Moskvaya dron satışına görə sanksiyalar tətbiq edib.

İran yüzlərlə daha təkmil sentrifuqa quraşdıraraq nüvə proqramını davam etdirib. Bu qurğular uranı zənginləşdirərək, ölkənin 2015-ci il razılaşması ilə müəyyən edilmiş hədləri aşaraq uran zənginləşdirilməsi qabiliyyətini artırır. İran 2019-cu ildə ABŞ-ın 2018-ci ildə o zaman prezident Donald Trampın dövründə razılaşmadan geri çəkilməsinə çıxmasına cavab olaraq bu şərtləri pozmağa başlayıb.

2015-ci il müqaviləsi beynəlxalq sanksiyaların ləğvi müqabilində Tehranın nüvə silahı inkişaf etdirməsini çətinləşdirmək üçün İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyəti məhdudlaşdırılmışdı. İran nüvə silahı əldə etmək istəyini inkar edir.

Malli Vaşinqtonun status-kvonu nə qədər qəbul edəcəyi ilə bağlı müəyyən vaxt müddəti göstərməkdən imtina edib, lakin diplomatiya uğursuz olarsa, Birləşmiş Ştatların başqa vasitələrdən istifadə etməyə hazır olduğunu açıqlayıb.

"Əgər İran nüvə proqramında yeni hədləri keçmək təşəbbüsü ilə çıxış edərsə, şübhəsiz ki, cavab fərqli olacaq və bizim avropalı müttəfiqlərimizlə razılaşdırılacaq" – deyə, Malli ətraflı məlumat vermədən deyib.

"Yeni bir formula tapacağımıza dair heç bir möcüzə yoxdur," o bildirib.

Diplomatlar bildiriblər ki, Malli çərşənbə axşamı Parisdə fransalı, almaniyalı və britaniyalı həmkarları ilə danışıqlar aparacaq.

XS
SM
MD
LG