ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynaya gözlənilməz gizli səfər edərək, məcburi köçkün olan ukraynalılar üçün sığınacağa çevrilən məktəbdə Ukraynanın birinci xanımı Olena Zelenska ilə görüşüb.
Bu, müharibə başlayandan bəri ilk dəfə idi ki, Zelenska ictimaiyyət qarşısına çıxırdı.
Cill Bayden “Ukrayna xalqına bu müharibənin dayanmalı olduğunu, bu müharibənin qəddar olduğunu və ABŞ xalqının Ukrayna xalqının yanında olduğunu göstərməyin vacib olduğunu” düşündüyünü deyib. Olena Zelenska Cill Baydenə “cəsarətli hərəkətinə” görə təşəkkür edib.
Birinci xanımı Cil Bayden bundan öncə bazar günü Rumıniya və Slovakiyaya turunun son günü Slovakiyanın şərqində ukraynalı qaçqınlarla görüşüb.
Onun səfərinin məqsədi bu ölkələrdə yerləşdirilən amerikalı hərbçilər, eləcə də Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində Slovakiyaya qaçan qadın və uşaqları ziyarət etməkdən ibarətdir.
Associated Press agentliyinin məlumatına görə, Slovakiyada Rusiyanın müharibəsi nəticəsində didərgin düşmüş ukraynalı analarla görüş zamanı ABŞ-ın birinci xanımı onları “amerikalıların ürəklərinin onlarla” olduğuna əmin edib.
Cil Bayden hazırda 24 saat qaçqınların qəbul mərkəzinə çevrilmiş avtovağzalı ziyarət edib. Orada o, müharibəni özünə belə izah edə bilmədiyi üçün uşaqlarına izah etməkdə çətinlik çəkdiyini söyləyən ukraynalı qadınla söhbət edib.
Cil Bayden qadına müharibəni “anlamağın çətin olduğunu”deyib.
Virciniya ştatında kollecdə ingilis dilindən dərs deyən birinci xanım qaçqın uşaqların oxuduğu yerli məktəbə baş çəkib.
BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya fevralın 24-də başladığı hərbi müdaxiləsindən sonra ümumilikdə 5,8 milyon insan Ukraynanı tərk edib.