Accessibility links

ABŞ Nümayəndələr Palatasında Respublikaçılar daxili təhlükəsizlik nazirini impiç ediblər


Alehandro Mayorkas
Alehandro Mayorkas

ABŞ Nümayəndələr Palatasındakı Respublikaçılar çərşənbə axşamı gecə saatlarında Daxili Təhlükəsizlik naziri Alehandro Mayorkasın son bir ildə ABŞ-Meksika sərhədində qanunsuz miqrant axınına görə məsuliyyət daşıdığını iddia edərək, onu impiç etməyə səs veriblər.

İmpiçment səsverməsi 214-213 səs fərqi ilə başa çatıb. Ancaq üç Respublikaçı Demokratlara qoşularaq onun impiç edilməsinin əleyhinə səs veriblər.

Sərt xətt tərəfdarı mühafizakər Respublikaçılar aylardır Mayorkası hədəf alıblar, ancaq ötən həftə bir səslə onu impiç etməyə nail olmayıblar. Belə ki, Nümayəndələr Palatasının üç Respublikaçı üzvü impiçmentin əleyhinə səs verib.

Çərşənbə axşamı keçirilən səsvermə də çox yaxın nəticə ilə, ancaq 64 yaşlı kabinet üzvünün impiçmentinin lehinə başa çatıb.

Mayorkas 1876-cı ildə müharibə naziri Vilyam Belknapdan bəri ABŞ tarixində impiç edilən ikinci kabinet üzvüdür.

Mayorkasın impiçmenti noybarda seçkilər yaxınlaşdığı bir vaxtda, onun ABŞ-ın cənub sərhədindəki xaosa görə Demokrat Prezident Co Bayden və Demokrat qanunvericilərə hücum etməyə çalışan Respublikaçı tənqidçiləri üçün simvolik qələbə ola bilər. Dekabr ayında həmin sərhəddə hər gün rekord sayda 10 min miqrant saxlanılıb.

51-49 səs fərqil ilə Demokratların üstünlük təşkil etdiyi Senat şübhəsiz ki, Mayorkasa bəraət qazandıracaq. Onun məhkum edilməsi üçün Senat üzvlərinin üçdə-ikisi bunun lehinə səs verməlidir ki, bu da o deməkdir ki, Respublikaçılarla birlikdə ən azı 18 Demokrat onun impiçmentini dəstəkləməlidir.

Nümayəndələr Palatası Mayorkası impiç etdiyinə görə, Senat ən azından məhkəmə başlatmalı olacaq. Ancaq onlar iddiaların rədd edilməsi, məhkəmənin ləğvi və ya impiçment maddələrinin komitəyə göndərilməsinə səs verə bilər.

ABŞ-ın yüksək vəzifəli rəsmilərinin impiçmenti onların “böyük cinayət və qanun pozuntuları” törədib-törətməməsi ilə əlaqələndirilir.

Onun impiçmentinə çağıran Respublikaçılar deyir ki, o, sərhəddə kifayət qədər miqrantı saxlamamaqla və ölkəyə əks halda daxil ola bilməyəcək insanların girişinə imkan verən humanitar şərti azadetmə proqramını həyata keçirməklə immiqrasiya qanunlarını pozub. Onlar həmçinin iddia edir ki, o, sərhədin təhlükəsizliyinin təmin edildiyini iddia etməklə Konqresə yalan danışıb.

“Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin araşdırması və impiçment məhkəməsi şübhəsiz onu göstərdi ki, katib Mayorkas qəsdən və sistemli şəkildə Birləşmiş Ştatların qanunlarına tabe olmaqdan imtina edib və ictimai etimadı pozub,” Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin sədri Mark Qrin səsvermədən sonra açıqlama verib.

Komitənin baş Demokrat üzvü də səsvermədən sonra açıqlama verib.

“Açıq deyək ki, bu əsassız impiçment sərhəddə təhlükəsizliyi təmin etmək üçün heç nə etməyəcək - Respublikaçılar da bunu etiraf ediblər. Aydındır ki, onların sərhəd təhlükəsizliyi məsələlərində zərrə qədər də etibarlılığı yoxdur,” nümayəndə Benni G. Tompson deyib.

Demokratlar və bəzi hüquq ekspertləri Mayorkasın impiçment edilib-edilməməsi ilə bağlı müzakirələrin onun “yüksək cinayətlər və qanunsuzluqlar” törətdiyinə dair ABŞ konstitusiya standartına cavab verən məsələ deyil, mahiyyət etibarilə siyasi mübahisəsi olduğunu iddia edirlər.

Forum

XS
SM
MD
LG