Accessibility links

ABŞ husilərin neft tankerinə hücumundan sonra "ekoloji fəlakət" barədə xəbərdarlıq edib


Birləşmiş Ştatlar Yəməndəki husi üsyançılarının keçən həftə neft tankerinə hücumundan sonra Qırmızı dənizdə potensial ekoloji fəlakət barədə xəbərdarlıq edib.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bazar günü gecə bildirib ki, BMT Təhlükəsizlik Şurası husilərin "MT Delta Sounion-a hücumunu "qınamalıdır".

"Husilərin həyasızcasına hərəkətləri region üçün dağıdıcı nəticələrə səbəb olacaq ekoloji fəlakət yaratmaqla təhdid edir", Tomas-Qrinfild X səhifəsində deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası husilərdən Qırmızı dənizdə gəmilərə hücumu dayandırmağa çağıran yanvar qətnaməsinə dərhal əməl olunmasını tələb etməlidir.

İranın dəstəklədiyi husilər cümə axşamı Qəzzada İsraillə HƏMAS arasında gedən müharibədə fələstinlilərlə həmrəylik məqsədilə bölgədə ticarət gəmiçiliyinə qarşı apardıqları kampaniyanın bir hissəsi olaraq, Yunanıstan bayraqlı tankeri hədəf aldıqlarını bildirib.

Xilasedicilər hücumdan sonra yanan tankerin ekipajını təxliyə edib.

Avropa İttifaqının Qırmızı dəniz missiyası "Aspides" tankerin 150 min ton xam neft daşıdığını bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller şənbə günü bildirib ki, husilər "bu məsuliyyətsiz hüucmları ilə bölgə üçün həyati əhəmiyyət kəsb edən humanitar yardımların çatdırılmasına xələl gətirdikləri kimi, yəmənlilərin və bölgədəki digər icmaların dolanışığının asılı olduğu balıqçılıq sənayesi və regional ekosistemləri məhv etməyə hazır olduqlarını açıq şəkildə göstəriblər."

Husilərin kampaniyası Qırmızı dənizdə və Ədən körfəzində kommersiya daşımalarının hərəkətini pozaraq, bir çox gəmiçilik şirkətlərini gəmiləri daha uzun və daha bahalı marşrutlara yönləndirməyə sövq edib.

Forum

XS
SM
MD
LG