Accessibility links

ABŞ İranı bəzi sanksiyalardan azad edib, nüvə razılığı ilə bağlı danışıqlar davam edir


Bayden administrasiyası cümə günü İranın mülki nüvə proqramını hədəf alan bəzi sanksiyaları aradan qaldırıb. Bu arada isə 2015-ci il nüvə razılığını canlandırmaq üçün aparılan danışıqlar kritik bir nöqtədədir.

ABŞ vasitəçiləri razılığın aqibətini həll edə biləcək danışıqlar üçün Vyanaya üz tutduğu bir vaxt, ABŞ Dövlət Katibi Antoni Blinken İranın mülki nüvə proqramına tətbiq olunan bəzi sanksiyalardan istisnaları bərpa edən sənədi imzalayıb. Bu addımla Tramp administrasiyasının qərarı ləğv edilir.

Sanskiyaların aradan qaldırılmasının məqsədi İranı Prezident Donald Tramp 2015-ci il nüvə razılığından geri çəkiləndən və ABŞ sanksiyalarını tətbiq edəndən bəri pozduğu sazişə yenidən əməl etməyə cəlb etməkdir. İran sazişin şərtlərinə əməl etmədiyini bildirir, çünki razılıqdan ilk ABŞ geri çəkilib. İran şərtlərə yenidən əməl etmək üçün sazişdə vəd olunduğu kimi sanksiyaların aradan qaldırılmasını tələb edir.

ABŞ-ın cümə günü atdığı addım nəticəsində 2015-ci il razılığı altında İranın nüvə proqramının qeyri-hərbi hissələri ilə əməkdaşlıq edən xarici ölkələr və Rusiya, Çin və Avropadan olan şirkətlərə qarşı sanksiya təhlükəsi aradan qalxır.

Tramp administrasiyası razılıqdan geri çəkiləndən sonra İrana qarşı başlatdığı “maksimum təzyiq” kampaniyası çərçivəsində 2020-ci ilin may ayında “mülki nüvə” proqramı ilə əlaqədar sanksiyalardan istisnalara son qoyub. Tramp administrasiyası 2015-ci il nüvə sazişinin ən pis diplomatik razılıq olduğundan və İrana bomba hazırlaması üçün yol açdığından şikayət edib.

Az irəliləyiş

Co Bayden prezidentliyə namizəd ikən ABŞ-ın razılığa geri dönməsini prioritet elan etmişdi və onun administrasiyası bu məqsədə çatmağa çalışıb, lakin o, bir il öncə vəzifəsinin icrasına başlayandan bəri çox az irəliləyiş əldə olunub. Administrasiya rəsmiləri deyib ki, sanksiyalar Vyanada aparılan danışıqlarda irəliləyiş əldə etmək üçün ləğv olunur.

“Sanksiyalardan istisnaların məqsədi tərəflərin sazişə tam əməl etməyə dönməyə yardım edəcək müzakirələri asanlaşdırmaq və İranın razılıq altındakı öhdəliklərini yerinə yetirməsi üçün zəmin yaratmaqdır,” Dövlət Departamenti Konqresə ünvanladığı bildirişdə qeyd edib.

Sanksiyalardan istisnalar xarici ölkə və şirkətlərə İranın Buşehr nüvə stansiyasında, Arak ağır su zavodunda və Tehran Araşdırma Reaktorunda mülki layihələr üzərində işləməyə icazə verir. Sabiq Dövlət Katibi Mayk Pompeo sanksiyalardan istisnaları 2020-ci ilin mayında ləğv edərək, İranı həmin obyektlərdə işləri davam etdirdiyinə görə “nüvə fırıldağında” ittiham etmişdi.

XS
SM
MD
LG