İslam Dövləti terror qruplaşmasının bir ildən az müddətdə ikinci liderini itirməsi ilə bağlı yaydığı məlumat onun ölümündən bir aydan çoxdur xəbərdar olan Birləşmiş Ştatlar üçün gözlənilməz olmayıb.
"İŞİD" və ya "Daeş" kimi tanınan İslam Dövləti çərşənbə günü qısa audio bəyanatında Əbu Əl-Həsən Əl-Haşimi Əl-Quraşinin öldüyünü elan edib.
"O, Allahın düşmənləri ilə döyüşərkən həlak oldu. Döyüş meydanında kişi kimi öldürülməzdən əvvəl bəzilərini öldürdü" , qrupun sözçüsü Əbu Ömər Əl-Mühacir bildirib.
Daha sonra ABŞ Mərkəzi Komandanlığı öz bəyanatını yayıb və Əbül Həsənin oktyabrın ortalarında Suriyanın cənubundakı Dəraa vilayətində ABŞ-la əlaqəsi olmayan üsyançı Azad Suriya Ordusu qrupu tərəfindən öldürüldüyünü təsdiqləyib.
Əməliyyatda Amerika iştirak etməsə də, ABŞ tez bir zamanda nəticələrin araşdırılmasına cəlb olunub.
ABŞ müdafiə rəsmisinin Amerikanın Səsinə anonimlik şərti ilə verdiyi məlumata görə, hadisə yerindəki dəlillərə və sonrakı DNT testlərinə əsaslanaraq, ABŞ Azad Suriya Ordusunun faktiki olaraq Əbu Əl-Həsənin öldürdüyünü müəyyən edib.
ABŞ rəsmisi nə indiyədək İslam Dövləti liderinin ölümünü təsdiqləməkdən niyə imtina etdiyini, nə də ABŞ müdafiə və kəşfiyyat rəsmilərinin onu DNT testi vasitəsilə necə tanıdığını açıqlamayıb. Belə ki, Əbu Əl-Həsən onun əsl adı deyil, döyüş ləqəbidir.
Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən toplanan və iyul ayında dərc edilən kəşfiyyat məlumatlarına görə, Əbu Əl-Həsən çox güman ki, iki nəfərdən biri - ya İslam Dövlətinin keçmiş lideri Əbu Bəkr Əl-Bağdadinin qardaşı Cümə Əvvad İbrahim Əl-Bədri, ya da İslam Dövlətinin vilayətlər üzrə baş idarəsinə rəhbərlik edən Əbd Əl-Rauf Əl-Mühacir olub.