İsrailin HƏMAS-a qarşı müharibəsinin növbəti mərhələsini və döyüşlərin təsirinə məruz qalan fələstinli mülki əhalinin daha yaxşı qorunması səylərini müzakirə etməyi planlaşdıran Ağ Evin yüksək səviyyəli rəsmisinin regiona səfəri öncəsi İsrail qüvvələri cümə axşamı Qəzza zolağına hava hücumlarını artırıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə deyib ki, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə axşamı və cümə günləri İsraildə keçiriləcək görüşlər zamanı hərbi əməliyyatların "daha cərrahi və daha dəqiq olması səylərini" müzakirə edəcək.
Kirbi "Bu, bizim məqsədimizdir və israillilər bunun onların da məqsədi olduğunu deyirlər, lakin önəmli olan nəticələrdir" deyib.
Sallivan həmçinin ABŞ-ın İsrailə humanitar yardımın Qəzzaya Kerem Şalom keçid məntəqəsi vasitəsilə daxil olmasına icazə verməsi çağırışlarını müzakirə etməyi planlaşdırır. Bu, yalnız Rəfah məntəqəsindən keçən yardım axınını genişləndirəcək. İsrail bu həftə Kerem Şalomda yardım yüklərinin təftişinə başlasa da, bu yüklər hələ də Rəfaha getməlidir.
Sullivan əvvəlcə Səudiyyə Ərəbistanında dayanıb. Ağ Evin cümə axşamı bildirdiyinə görə, o, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla "israillilər və fələstinlilər arasında davamlı və sarsılmayan sülh üçün yeni səyləri" və ilə Qəzzaya humanitar yardım axınını artırmaq yollarını müzakirə edib.
Oktyabrın 7-də silahlı qruplaşmanın İsrailə qarşı 1200 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra İsrail HƏMAS-a müharibə elan edib.
Döyüşlər təxminən 1,9 milyon insanın Qəzzadakı evlərindən didərgin düşməsinə səbəb olub. Onlardan çoxu sanitar şəraitin pis olduğu və yoluxucu xəstəliklərin artması təhlükəsi ilə bağlı xəbərdarlıqlar fonunda cənubdakı izdihamlı sığınacaqlara üz tutub.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin bildirdiyinə görə, son bir həftə ərzində on minlərlə insan Rəfaha gedib. Eyni zamanda, İsrail Qəzzanın ikinci ən böyük şəhəri olan Xan Yunusdakı əməliyyatlar da daxil olmaqla, cənubda HƏMAS militantlarına qarşı əməliyyatlarını genişləndirib.
HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin bildirdiyinə görə, son 10 həftədə İsrailin havadan və qurudan etdiyi hücumlar zamanı əksəriyyəti qadın və uşaqlar olmaqla, 18 mindən çox insan həlak olub.
Forum