Accessibility links

ABŞ-ın Ukraynaya maliyyə vəsaiti tükənir


ABŞ-ın Ukraynaya maliyyə vəsaiti tükənir
please wait

No media source currently available

0:00 0:02:33 0:00

ABŞ-ın Ukraynaya maliyyə vəsaiti tükənir

ABŞ hərbi qüvvələri Ukrayna qüvvələrinə təlimlər keçmək üçün öz maliyyə vəsaitindən istifadə etmək məcburiyyətində qalıb. Bu strategiya Rusiyanın Ukraynaya qarşı müharibəsinin üçüncü ilinə qədəm qoyduğu bir vaxt ordunun Avropada maliyyə çatışmazlığı ilə qarşılaşmasına səbəb ola bilər.

Konqresin hələ müdafiə büdcəsini qəbul etməməsi və Nümayəndələr Palatasında Ukraynaya əlavə hərbi yardımla bağlı səsvermənin keçirilməməsinə baxmayaraq, ABŞ Ordusu ukraynalıların təlimləri üçün öz büdcəsindən istifadə planı hazırlayır. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq: "Bu, vacib bir missiyadır. Biz onlara arxamızı çevirə bilmərik. Beləliklə, ordumuz və xidmət orqanlarımız danışıqlar aparmalı və bütün qüvvələrimizə təsir edəcək bəzi sərt qərarlar qəbul etməli olacaqlar".

Ordu rəsmiləri Amerikanın Səsinə bildiriblər ki, heç bir dəyişiklik olmazsa, ABŞ-ın Avropa və Afrikadakı qüvvələrinin bu yayın əvvəlinə qədər Ukraynaya dəstək və ABŞ-ın əməliyyatları və NATO müttəfiqləri ilə təlimlər də daxil olmaqla, hər şey üçün maliyyə vəsaiti tükənəcək.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqhin dediyinə görə, maliyyələşdirilmə böhranı narahatlıq doğurur. "Biz sözün əsl mənasında həssas vəziyyətdəyik. Modernləşə bilmirik. Proqramları dəyişə bilmirik. Bu, bir qolu arxadan bağlı olaraq döyüşmək kimidir".

Analitiklərin qeyd etdiyi kimi, Rusiyanın Ukraynaya qarşı müharibəsi hələ də Avropa qitəsini təhdid etməkdə davam edir. "Demokratiyaları Müdafiə Fondu"ndan Bred Bouman: "Əgər siz ABŞ qüvvələrinin Avropada təlim və hazırlığını azaltmağa başlasanız, bu, [Rusiya prezidenti] Vladimir Putinə növbəti hədiyyədir".

Ordu veteranı və Kapitolidə çalışmış Bred Boumanın dediyinə görə, belə bir hədiyyə Rusiyanın gələcək təcavüzünü təşviq edəcək və cari büdcə və ya xarici yardımdan daha yüksək qiymətə başa gələcək. "Bu gün Ukraynanı silahla təmin edirik ki, sabah amerikalılar canlarını verməli olmasınlar. Bu, həqiqətən də bu qədər sadədir".

Ukraynanın xarici işlər naziri bu yaxınlarda CNN tele kanalına bildirib ki, Ukrayna özünü müdafiə etmək üçün lazım olan "bütün artilleriya sursatını alsaydı" Kyiv qüvvələri bu yaxınlarda geri çəkildiyi Avdiivka şəhərini itirməzdi.

Sinq bu qiymətləndirmə ilə razılaşır. "Avdiivka strateji bir geri çəkilmə idi, lakin bu, Konqresin fəaliyyətsizliyi səbəbindən geri çəkilmə idi. Burada birbaşa əlaqə var".

Pentaqon beşinci aydır ki, tam büdcə olmadan fəaliyyət göstərir və dekabrın sonundan bəri Ukraynaya yeni hərbi yardım göndərilmir.

Forum

XS
SM
MD
LG