Birləşmiş Ştatlarda ictimai səhiyyənin meymun çiçəyi xəstəliyinə reaksiyasının bu günə qədər xəstəliyin cəmiyyətdə yayılmasının qarşısını ala bilməməsi xəstəliklə mübarizə strategiyanın yenidən qiymətləndirilməsi ilə bağlı çağırışlarına səbəb olub.
Mayın 17-də ABŞ-da xəstəliyə ilk yoluxma halının qeydə alınmasından bəri infeksiyaların sayı 5000-nə çatıb. Xəstəlik əksəriyyəti kişilərlə cinsi əlaqədə olan kişilər arasında yayılıb.
Xəstəliyin sayı ilə bağlı müxtəlif agentliklər tərəfindən fərqli rəqəmlər göstərilsə də, Ümumdünya Səhiyyə Təşkilatının "ictimai səhiyyədə beynəlxalq səviyyədə narahatlıq doğuran fövqəladə hal" kimi qiymətləndirdiyi epidemiya zamanı müəyyən edilmiş qlobal halların 25 faizindən çoxu ABŞ-ın payına düşür.
Yoluxucu xəstəliklər üzrə mütəxəssislər yoluxmaların baş verdiyi ilk həftələrdə ABŞ-ın ictimai səhiyyə agentlikləri tərəfindən təxirəsalınmazlıq tədbirlərinin görülməməsini məyus hissi ilə qarşılayıb.
“Mən COVID-19-dan öyrəndiyimiz dərslərə və həmçinin HİV-ə qarşı cavabdan öyrəndiyimiz dərslərə əsaslanaraq daha güclü cavab görəcəyimi gözləyirdim”- deyə, Kolumbiya Universiteti Mailman İctimai Səhiyyə Məktəbinin təsisçisi və direktoru doktor Vəfa Əl-Sədr Amerikanın Səsinə bildirib.
O deyib ki, bu günə qədər xəstəliyə verilən reaksiyadan narahat olsa da, onu nəzarət altına almaq üçün hələ də imkan olduğuna inanır.
İyunun sonunda tənqidlərlə üzləşən Ağ Ev “ölkə daxilində yüksək risk altında olan şəxslərin meymun çiçəyi əleyhinə peyvənd edilməsi strategiyasının “birinci mərhələsini” elan edib. Administrasiya “ən çox təsirlənmiş icmalara təcili peyvəndlər çatdırılacağını və xəstəliyin yayılmasının qarşısını alacağını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlara görə, yeni diaqnoz qoyulmuş meymun çiçəyi halları Avropa və Şimali Amerikada daha yüksəkdir. ÜST Avropa regionunda 14 000-dən çox, Şimali Amerikada isə təxminən 6800-dən çox insanda yoluxma halı qeydə alıb.