Accessibility links

ABŞ-ın Naşvil şəhərindəki özəl məktəbə edilən silahlı hücum zamanı 3 uşaq ölüb


Xəstəxana rəsmilərinin bildirdiyinə görə, bazar ertəsi ABŞ-ın Naşvil şəhərində özəl xristian məktəbində atışma zamanı 3 uşaq ölüb. Şübhəli şəxsin də polislə qarşıdurma zamanı öldüyü bildirilib.

Hər 3 uşaq məktəbəqədər təhsildən 6-cı sinfə qədər təxminən 200 şagirdin oxuduğu Presviterian kilsəsinin "The Covenant School" məktəbində atışma nəticəsində güllə yarası alıb.

Qətllər ölkə daxilində icmaların keçən il məktəblərdə baş vermiş silahlı zorakılıqlardan sarsıldığı bir vaxt baş verib. Bunlara Texas ştatının Uvalde şəhərindəki ibtidai məktəbdə törədilən qətliam da daxil olmaqla, Virciniya ştatında birinci sinif şagirdinin müəllimini güllələməsi və keçən həftə Denverdə iki administratorun yaralandığı atışma da daxildir.

Naşvil polisi Twitter səhifəsində hücumçunun zabitlər tərəfindən "müdaxilə edildikdən" sonra öldüyünü bildirib. Atəş açan şəxsin intihar edərək öldüyü, yoxsa polis tərəfindən vurulduğu açıqlanmayıb.

Yanğınsöndürmə idarəsi "təcavüzkar"a lazımi cavab verildiyini desə də, detallarla bağlı məlumat verməyib. Atışma ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

Məktəbin veb saytında deyilir ki, The Covenant School son illər məktəbəqədər yaşdan 6-cı sinfə qədər təxminən 200 şagird qəbul edib. Məktəb 2001-ci ildə Presviterian Kilsəsinin nəzdində yaradılıb.

XS
SM
MD
LG