Nyu York ştatının fövqəladə hallar briqadaları sakinləri bazar ertəsi ABŞ boyu təxminən 50 nəfərin ölümünə və Milad səyahətində xaosa səbəb olan, rəsmilərin "əsrin çovğunu" adlandırdığı amansız fırtınadan xilas etmək üçün mübarizə aparır.
ABŞ-ın şimal-şərqində çovğun şəraiti davam edir. Rəsmi məlumatlara görə, ekstremal hava şəraiti bir neçə gün ərzində ölkəni bürüyərək, böyük sahədə elektrikin kəsilməsinə, səyahətlərin gecikməsinə və doqquz ştatda azı 49 nəfərin ölümünə səbəb olub.
Nyu York ştatının rəsmiləri, əsasən də Baffaloda avtomobillərdə və qarın altında qalan cəsədlərin aşkar edildiyini, xilasedicilər və təcili yardım işçilərinin "maşın-maşın" gəzərək, sağ qalanları axtardığını deyib.
Flightaware.com saytının bildirdiyinə görə, qar fırtınası, uğultulu külək və temperaturun sıfırdan aşağı olması son günlər ABŞ-da 15 mindən çox uçuşu, eləcə də bazar ertəsi 4 mindən çox uçuşu ləğv etməyə məcbur edib.
Eri qraflığındakı Baffalo ağır qış şəraitinə yad olmayan bir şəhərdir. Şəhər böhranın episentridir və heyrətamiz miqdarda qarın altında qalıb.
Nyu York qubernatoru Keti Hoçul jurnalistlərə "Əlbəttə ki, bu, əsrin çovğunudur" deyib və əlavə edib ki, "bunun sona çatdığını demək hələ tezdir".