Accessibility links

Senat ABŞ-ın Rusiyadakı yeni səfirini təsdiqləyib


Çərşənbə günü Senat səs çoxluğu ilə ABŞ-ın Rusiyadakı yeni səfirini təsdiqləyib.

Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona tarixi səfərindən bir neçə saat əvvəl senatorlar 93 lehinə, 2 əleyhinə səslə təcrübəli diplomat Linn M. Treysini Rusiyaya yeni səfir olaraq təsdiq edib.

Bəziləri bunu Amerikanın Rusiya prezidenti Vladimir Putinin işğalı ilə üzləşən Ukraynaya müharibədəki sadiqliyinin siqnalı kimi qiymətləndirir.

Senat çoxluğunun lideri Çak Şumer palatanın iclasını açaraq deyib ki, çərşənbə günü Ukraynaya 45 milyard dollarlıq yeni hərbi yardım paketinin və ABŞ-ın Rusiyaya yeni səfirinin təsdiqlənməsi amerikalıların "birmənalı şəkildə" Ukrayna xalqının yanında olduğuna dair güclü siqnaldır.

Şumer əvvəllər Ermənistanda səfir olan Treysiyə "Putinin qarşısında dayanmaq tapşırığı veriləcək" deyib. Treysinin əleyhinə cəmi iki səs, administrasiyanın Ukraynaya dəstəyinə şübhə ilə yanaşan Yuta ştatından senator Mayk Li və Kentukkidən senator Rend Poldan olub.

Treysi ABŞ-Rusiya əlaqələrinin Ukraynadakı müharibəyə görə kəskin şəkildə pisləşməsinə, eləcə də bir sıra diplomatik mübahisələr və silahlara nəzarətlə bağlı fikir ayrılıqlarına görə işçilərinin sayı azalan Moskvadakı səfirliyə nəzarət edəcək.

Rus dilini bilən Treysi əvvəllər Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Rusiya məsələləri üzrə baş məsləhətçi, ABŞ-ın Moskvadakı səfirliyində missiya rəhbərinin müavini vəzifələrində çalışıb. O, həmçinin Mərkəzi və Cənubi Asiyada bir sıra vəzifələrdə işləyib.

ABŞ-ın bundan əvvəlki səfiri Con Sallivan Moskvanı sentyabrın əvvəlində, həyat yoldaşının səhhətinin pisləşməsi səbəbindən tərk edib. Həyat yoldaşı onun ABŞ-a qayıtmasından bir gün sonra vəfat edib.

Diplomatik dairələrdə Treysiyə hörmətlə yanaşılır. 2009-cu ildə Dövlət Departamentinin ozamankı Dövlət katibi Hillari Klinton tərəfindən qəhrəmanlıq mükafatına layiq görülüb.

Treysi, həmçinin Moskvadakı səfirin müavini kimi fəaliyyətinə görə Dövlət Departamentinin fərqlənmə mükafatını alıb.

XS
SM
MD
LG