ABŞ ordusu bildirib ki, Rusiyanın üç qırıcı təyyarəsi çərşənbə günü ABŞ-ın Suriyada İslam Dövləti qruplaşmasının hədəflərinə qarşı missiyada iştirak edən üç pilotsuz təyyarəsini təqib edib.
ABŞ-ın Yaxın Şərqdəki 9-cu Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleks Qrinkeviç bildirib ki, Rusiya təyyarələri ABŞ pilotsuz təyyarələrinin qarşısına paraşütlərə bərkidilmiş məşəllər atıb və bu, pilotsuz təyyarələri geri çəkilmək məcburiyyətində qoyub.
Qrinkeviç, həmçinin bildirib ki, rusiyalı pilotlardan biri pilotsuz təyyarənin qarşısında manevr edib və təyyarənin yanma qurğularını işə salıb ki, bu da pilotsuz uçuş aparatı operatorunun təyyarəni təhlükəsiz idarə etmək qabiliyyətinə təsir edib.
"Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız davranışa son qoymağa və peşəkar hava qüvvələrindən gözlənilən davranış standartlarına riayət etməyə çağırırıq ki, diqqətimizi İŞİD-in davamlı məğlubiyyətinə qaytara bilək" - deyə, Qrinkeviç bildirib.
ABŞ ordusu hadisənin Suriyanın hansı bölgəsində baş verdiyini dəqiqləşdirməyib.
İslam Dövləti qrupunu məğlub etmək üçün mübarizədə kürdlərin rəhbərlik etdiyi qüvvələrə məsləhət vermək və onlara yardım etmək üçün Suriyaya 900-ə yaxın ABŞ qüvvəsi göndərilib.